"Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik" - Sahib Alıyevin prezidentin mesajını şərh etdi

"Azərbaycan Prezidenti Bakının ən gözəl yerlərindən birində Aşıq Ələsgərə abidə ucaldılmasını bu gün təkcə, onun xatirəsinə hörmətin əlaməti kimi deyil, həm də Qərbi azərbaycanlıları və bütün xalqı "yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisə" kimi dəyərləndirdi. "Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".

Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib. O, daha sonra bildirib:

"Abidənin açılışı zamanı cənab İlham Əliyevin səsləndirdiyi bu fikrin yaxın da olmasa, orta perspektivdə reallığa çevriləcəyinə heç bir şübhəm yoxdur. Müzəffər Ali Baş Komandanımızın Aşıq Ələsgərin özündən gətirdiyi bir fakt və Böyük Qayıdışdan danışarkən söylədikləri də bunu təsdiqləyir. Bəli, 1918-ci ildə Aşıq Nəcəfin kürəyinə samovar bağlayıb əzab-əziyyətlə qətlə yetirən hay vandalları, 97 yaşlı Aşıq Ələsgəri on minlərlə soydaşlarımızla birgə yurdundan didərgin salmışdılar. Ancaq 3 il sonra o, ailəsi ilə yenidən Kəlbəcərdən Göyçəyə qayıtmışdı. Halbuki cənab Prezidentin də vurğuladığı kimi "iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmirlər".

Dövlət başçımız heç vaxt orada yaşamamış gənclərimizin hazırda Qarabağa, Şərqi Zəngəzura köçmələrini misal çəkməklə də göstərdi ki, eyni ruhun daşıyıcıları olan Qərbi azərbaycanlılar da bir gün yurd yerlərinə dönəcəklər. Mütləq dönəcəklər!"