"Bir deputatın hər məsələdən danışması xoşuma gəlmir" "Bir deputatın hər məsələdən danışması xoşuma gəlmir"
  • Hadisə
  • 22 May 2019 15:57
  •  7 285

Hər kəs bildiyi şeydən danışsa yaxşıdır - Nizami Cəfərov “Deputatın gündəliyi”ndə

"Bir deputatın hər məsələdən danışması xoşuma gəlmir"

AzNews.az-ın “Deputat gündəliyi” rubrikasının bu günkü qonağı Milli Məclisin deputatı, akademik Nizami Cəfərovdur.

- Nizami müəllim, deputatlar əsasən vaxtın azlığından şikayət edirlər. Siz necə?

- İşgüzar insan üçün hər işi görməyə adətən vaxt çatmır. Amma çalışmaq lazımdır ki, vaxtdan faydalı istifadə edəsən. Mənim xeyli deputatlıq təcrübəm var, ona görə də artıq öz işlərimi sistemli şəkildə qururam, vaxta qənaət edə bilirəm. Digər tərəfdən, indi vətəndaşlar tərəfindən edilən şikayətlər əvvəlki illərə nisbətən xeyli azalıb. Söhbət seçildiyim Ağstafa rayonundan gələn şikayətlərdən gedir. Son illər bölgələrdə müəyyən islahatlar aparılıb, icra orqanları artıq öz işlərini qaydasında görürlər, yerlərdə sakinlərlə görüşürlər, problemlərini dinləyirlər, onların həlli istiqamətində müəyyən işlər görürlər. Vaxtilə deputatlara ünvanlanan şikayətlər indi artıq icra orqanlarına ünvanlanır. Yəni indi vətəndaşların icra başçısından tutmuş, nazirlərə kimi birbaşa görüşmək imkanları var.

- Hobbiniz və ya əlavə məşğuliyyətləriniz varmı?

- Mən millət vəkilliyindən kənar elmlə məşğul oluram, Atatürk Mərkəzində çalışıram. Dünyanın bir çox ölkəsində olduğu kimi bizim ölkədə də deputatın elmlə, təhsillə məşğul olmasına icazə verilir. Çünki bu, elə bir sahədir ki, istər-istəməz millət vəkilini intellektual səviyyədə saxlayır. Dünyada gedən ictimai, siyasi, mədəni prosesləri öyrənirik. Bunlar da millət vəkili olaraq bizim işimizə kömək edir. Yəni, əslində, məşğuliyyət düzgün qurulursa, bu, deputatın işinə mane olmur, kömək edir.

- Bəs, şəxsi həyatınıza nə dərəcədə diqqət ayıra bilirsiniz?

- Əslində, şəxsi həyata çox vaxt ayırmaq bəlkə də vacib deyil. Çünki şəxsi həyat onsuz da özü-özünə vaxt ayırtdırır. Ondan qaçmaq mümkün deyil. Bütün hallarda, ailə səni məcbur edir ki, ona aid işlərlə də məşğul olasan.

- Nizami müəllim, seçicilərlə hansı tezlikdə və formatda görüşürsünüz?

- Əvvəllər çox tez-tez rayona getmək məcburiyyətində idik. Bayaq dedim, həm şikayətlər çox olurdu, həm bizim yerlərdə köməkçilərimiz yox idi. Amma indi rayona tez-tez getməyə o qədər də ehtiyac olmur. Ona görə ki, şikayətlər yerindəcə həll olunur, ikincisi, hər bir deputatın yelərdə köməkçisi var. Həftədə bir dəfə köməkçi deputata hesabat verir. Digər tərəfdən isə mənim telefonum seçicilərin hər birində var. Mən həm də eyni seçki dairəsindən seçildiyimə görə artıq mühiti, problemlərin xarakterini, insanları tanıyıram. Amma o da mütləqdir ki, heç olmasa, ayda, yaxud iki aydan - bir rayonda olub sakinlərlə birbaşa görüşüm.

- Milli Məclisin iclasında çıxış etməzdən öncə hər hansı bir hazırlıq işləri görürsünüzmü, yoxsa birbaşa danışırsınız?

- Yeni deputat olanda əlbəttə ki, çıxışdan öncə hazırlaşmaq lazım gəlir. Amma tədricən səndə müəyyən modellər formalaşır. Məsələn, bir deputatın hər məsələdən danışması mənim xoşuma gəlmir. İstərdim ki, hər bir deputat ona aid, onun ixtisasına, peşəsinə, fəaliyyət dairəsinə, bildiyi şeylərə xas olan məsələlərdən danışsın. Bu gün bizim parlamentdə də belə bir ixtisaslaşma var. Məsələn, bilirik ki, beynəlxalq məsələlərlə bağlı çox adam danışa bilər, amma Səməd Seyidovun danışığı peşəkardır. Yaxud iqtisadiyyatla bağlı bir neçə adam danışa bilər, amma akademik Ziyad Səmədzadənin danışığı fərqlidir. Eləcə də neft və boru kəmərləri ilə bağlı Valeh Ələsgərovun adını çəkmək olar. Milli Məclisdə çıxışlara xüsusi hazırlaşan deputatlarımız da var, görürsən ki, yazıb gətirirlər və çıxış edərkən oxuyurlar. Bu da çox yaxşı haldır.

- Bəs bu gün cəmiyyətdə deputatın səsi eşidilirmi?

- Şübhəsiz, təkcə bir məqamı deyim: Milli Məclisdə qanunlar qəbul olunur və bu qanunlar cəmiyyətin həyatına təsir edir. Təbii ki, hər bir qanun layihəsini irəli sürən subyektlər olur. Onu müzakirə edən və sonda səs verib qəbul edən deputatlardır. Ona görə də istər-istəməz deputatların iradəsi burada təmsil olunur. Digər tərəfdən, deputatlar çıxışları zamanı cəmiyyətin, seçicilərin fikirlərini, mülahizələrini, maraqlarını səsləndirirlər. Bu səslər isə cəmiyyət tərəfindən eşidilir, müzakirələrə səbəb olur. Hətta bəzən cəmiyyət deputatdan onun hüquqlarının fövqündə olan şeylər də tələb edir. Bütün hallarda, deputatlar cəmiyyətin narahatlığını ifadə edir, hər hansı bir problemin həllinə səy göstərirlər.

- Son olaraq, deputatlıq sizin üçün nə deməkdir?

- Deputatlıq mənim üçün ilk növbədə ictimai nüfuzdur. Mən bu statusun siyasi miqyası ilə özümü ifadə edə bilirəm. Eyni zamanda, müxtəlif tədbirlərdə, beynəlxalq müstəvidə ilə ölkəmizi təmsil edə bilirəm. Həm də düşünürəm ki, deputatlıq digər vəzifələrin sırasında ən humanist və ən demokratik vəzifədir. Çünki deputat cəmiyyəti birbaşa ifadə edir. Məsələn, nazirin dediyi söz birbaşa rəsmi statusdadır, amma deputatın dediyi söz rəsmi-ictimai statusdadır. Yaxud nazir məmurdur, deputat isə məmur deyil. Bax, ictimaiyyətlə, cəmiyyətlə olan bu bağlılıq deputata xüsusi bir səlahiyyət verir.

Elgün Mənsimov
AzNews.az

***

Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olub. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışıb. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiridir.

Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı” bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak edib.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

1995-1996-cı illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komisiyasının (AAK) filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, 1997- ci ildə isə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının üzvü olub. Elə bu il Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı” bölməsinin sədri təyin olunub.

1998-ci ildə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının sədri seçilib.

Nizami Cəfərov 1999-cu ildə Filologiya fakültəsində “Dədə Qorqud” elmi-tədqiqat laborotoriyasını yaradaraq onun müdiri təyin olunub.

2003-cü ildə AAK-ın filologiya elmləri üzrə Ekspert Şurasının sədri təyin edilib.

2004-cü ildə Azərbaycan “Bilik” Maarifçilik Cəmiyyətinin qərarı ilə “Yusif Məmmədəliyev adına medal”la təltif edilib.

Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası (II (2000-ci il), III (2005-ci il) və IV çağırış (2010-cu il) və V çağırış (2015-ci il) Milli Məclisinin deputatıdır. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Evlidir, 2 övladı var.