Putin və Lukaşenko bir araya gələrək dil tapacaqlar Putin və Lukaşenko bir araya gələrək dil tapacaqlar
  • Hadisə
  • 25 May 2019 21:15
  •  8 691

Lukaşenko istəsə də, istəməsə də Rusiyasız siyasət apara bilməz - Zaur Məmmədov "Yaxın Plan"da

Putin və Lukaşenko bir araya gələrək dil tapacaqlar

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla “Yaxın plan” layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz politoloq Zaur Məmmədovdur.

- Zaur bəy, Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Rusiya neftinin əvəzinə Qazaxıstandan neft alacaq. Sizcə, Belarus bu addımı atacaqmı?

- Mən bunu mümkünsüz hesab edirəm. Bəli, hansısa danışıqlar baş tuta bilər. Diversifikasiyadan, neft və qazın şaxələndirilməsindən söhbət gedə bilər. Lakin bütünlükdə Belarusun Qazaxıstan neftinə keçməsi gözlənilmir. Təbii ki, neft və qaz alan yaxud tranzitdə yerləşən ölkələr bir ölkədən asılı olmamaq üçün onları tez-tez şaxələndirilmək istəyir, müxtəlif ölkələrlə danışıqlar aparırlar. Belarus sırf Moskvadan asılıdır və təsadüfi deyil ki, dünən Qazaxıstan prezidenti də Rusiyanın fikrinin önəmli olduğunu bildirib. Belarus bu kimi məsələlərə olduqca həssas yanaşır.

- Bəs, niyə Rusiya qardaş hesab etdiyi Belarusa nefti dünya bazarında olan qiymətlə təklif edir?

- Düşünmürəm ki, dünya bazarında olan qiymətlə eynidir. Çünki hər halda Ermənistana və Belarusa, ümumiyyətlə Gömrük İttifaqında olan ölkələrə məhsulların ixracı bir qədər fərqli, daha aşağı qiymətədir. Onlar arasında müxtəlif sahələrdə problemlər var. Bu, özünü neft sahəsində də əks etdirir.

- Fikrinizcə, bu, Rusiyanın valyuta ehtiyatının azalması yoxsa rəsmi Minskə etimadın itməsi ilə bağlıdır?

- Rusiya valyuta ehtiyatının azalmasının bu məsələyə aidiyyatı yoxdur. Rusiya valyuta ehtiyatlarının azalması Belarus-Rusiya münasibətlərinə maksimum şəkildə təsir edə bilməz. Minimal hansısa görüntüləri ola bilər.

- Rusiya mediası Lukaşenkonun bu addımını təhlükəli oyun adlandırıb və onu kinli hesab edib.

- Rusiya getdikcə daha çox ölkə ilə münasibətləri pozmağa davam edir. Bu da təbii ki, rəsmi Moskvaya dividentlər qazandırmır. Rusiya-Belarus ittifaqı çökərsə, bu, onun digər ölkələrlə münasibətinə də birbaşa olaraq təsir edəcək və nəticədə Avrasiya İttifaqı, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da iflasa uğrayacaq. Buna görə də Belarus-Rusiya münasibətlərinin güclənməsi hər iki dövlət üçün olduqca vacibdir.

- Sizcə, bütün bunlar Rusiya-Belarus münasibətlərinə necə təsir edəcək?

- Lukaşenko istəsə də, istəməsə də Rusiyasız siyasət apara bilməz. Belarus Rusiyadan iqtisadi cəhətdən asılı olan ölkədir. Lukaşenkonun hakimiyyətdə olması belə sırf Rusiyanın təsiri ilə baş verən hadisələrdir. Düzdür, o, Lukaşenkonun yanındadır. Lakin bir şeyi də bilmək lazımdır ki, Qərb Lukaşenkonun yanında deyil. Əgər Moskva olmasaydı, bu gün biz Belarusda bir başqa məqamı görmüş olardıq. Belarus-Rusiya münasibətləri ara-sıra belə soyuqluqlarla yadda qalsa da, düşünürəm ki, münasibətlər normallaşacaq. Putin və Lukaşenko bir araya gələrək dil tapacaqlar.

Pərvanə Ağazadə

AzNews.az