"Restoranı açanda valideynlərimizin xəbəri yox idi" - Ülvi Bayramov "Xeyirli Olsun"da

"Biz hər zaman ən yüksək keyfiyyətli məhsullarla işləməyə çalışırıq"

AzNews.az-ın “Xeyirli olsun” layihəsinin bu dəfəki müsahibi “Xəngəland” restoranının təsisçilərindən biri Ülvi Bayramovdur.

- Özünüzü təqdim edin.

- Mən Ülvi Bayramov Ülfət oğlu, 21 yaşım var. 2015-ci ildə Milli Aviasiya Akademiyasına qəbul olmuşam. Akademiyaya qəbul olduqdan sonra 16 il yaşadığım Gəncə şəhərindən Bakıya köçdüm. 2018-ci ildə 3-cü kursda təhsilimi yarıda saxladım.

- Niyə?

- Akademiyanın yerləşdiyi məkan şəhərə bir az uzaq idi. Dərsə gedəndə demək olar ki, günümün 12 saatını itirirdim, işlərimiz ləngiyirdi. Buna görə də təhsilimi yarıda saxladım, amma işlərim tam istədiyim qaydaya düşdükdən sonra davam edəcəm.

- "Xəngəland" haqqında bir az məlumat verə bilərsiniz?

- Bizim restoranımız 2017-ci ilin 9 oktyabrından fəaliyyət göstərir. Restoranı uşaqlıq dostum Sabir Əhmədovla birgə açdıq. İlk məkanımız 4 stoldan ibarət idi. İndi isə kifayət qədər böyük restoranımız var. "Xəngəland" restoranının ən böyük özəlliyi Bakıda yeganə ailəvi xəngəlxana olmasıdır.

- Bu brendi yaratmaq hardan ağlınıza gəldi?

- Əslində ağlımızda var idi ki, pub açaq. Daha sonra xəngəlin Azərbaycanda necə məşhur və sevilən yemək olduğunu gördük. Daha sonra isə bu brendi yaratdıq.

- Restoranı işlədən iki dostsunuz, ad və idea seçimində fikir ayrılıqları yaşadınızmı?

- Xeyr, yaşamadıq. İkimiz də bu ad üstündə fikirlərimizi toplamışdıq.

- “Xəngəland”ı necə brendə çevirdiniz?

- Əsas səbəb bizim işimizin planlı olması idi. Restoranın tanınması üçün üç şey vacibdir: dad, xidmət və təmizlik. Biz hər zaman ən yüksək keyfiyyətli məhsullarla işləməyə çalışırıq. Təmizliyə hər zaman çox önəm vermişik. Xidmət üçün də xüsusi işləmişik.

- Hal-hazırda "xəngəl" deyəndə ağıla sırf sizin restoran gəlir, müştərilər razılıq edir. Bu məmnuniyyəti necə qazandınız?

- Bir az əvvəl qeyd etdiyim kimi biz əsas 3 şərti layiqincə yerinə yetiririk. Buna görə də müştərilərimizin bir çoxu bizi seçir və razı qalır. Bizim məkana gələn müştərilərin əksəriyyəti daimi müştərilərdir.

- Problemsiz iş olmur, sizin işin çətinlikləri nələrdir?

- Bizim işimizdə də çətinliklər olur. İlk başda yuxusuz gecələr və çəkdiyimiz əziyyət bizi bu yerlərə gətirdi. Elektrik avadanlıqları ilə bağlı problemlərimiz olur, qaz və su ilə bağlı da problemlər yaşayırıq bəzən. Amma biz yenə də çalışmağa davam edirik, silahımızı əlimizdən yerə qoymuruq.

- Sizcə restoranınızı qiymətə ya dada görə seçirlər?

- Belə deyə bilərəm ki, əsasən qadınlar xəngəlxanalara getmirlər. Bunu belə izah edə bilərəm ki, xəngəlxana gələndə çox adam deyir ki, yaxşı xəngəl ancaq “day-day kafesi”ndə olur. Başqa restoranlarda xəngəl yemək də bir az baha başa gəlir. Bizim restoranın özəlliyi odur ki, həm xəngəlxanadır, həm ailəvi məkandır, qiymət baxımından da münasibdir. Bu üç amil müştərilərimizin bizi seçməyinə kömək edir. Daimi müştərilərimizin də yaranmasının səbəbi odur ki, bir dəfə gələn müştəri abu-havanı sevir, yeməklərin dadını bəyənir və daimi gəlməyə başlayır.

- Yaşınız o qədər də çox deyil, bu yaşda biznesə atılmaq, şəxsi biznes qurmaq çətin deyilmi?

- Təbii ki, bir çox çətinlikləri var idi. Hətta biz bu işə başlayanda ailələrimizin xəbəri yox idi. İlk dəfə biz bu restoranı açanda tək pulumuz ortağım Sabirin universitetə ödəməli olduğu təhsil haqqı və bir az yığdığımız pul idi. 1650 manatla işə başladıq. Çox çətinliklər, əziyyətlər oldu, amma işin planı qurulanda davamlı irəliləmək mümkün olur.

- Yeni planlarınız nələrdir?

- Bu işi görməyə başlayanda çalışdığımız budur ki, Bakıda "xəngəl" deyəndə ilk ağıla biz gələk. Sentyabr ayından yeni sezona başlayırıq, qarşıda bir çox planlarımız var. Düzü bunları hələ ki, sirr kimi saxlayırıq. Tək onu deyə bilərəm ki, ən əsas planımız “Xəngəland”ı şəbəkəyə çevirə bilməkdir.

Nigar CƏFƏR

AzNews.az

image description image description