Gürcüstanla təcrübə mübadiləsi

Hər iki ölkənin məcburi köçkünləri müzakirə mövzusu olub




Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsi Gürcüstan təcrübəsini öyrənib. Bu məqsədlə Şəbəkə üzvləri martın 13-dən 17-dək qonşu ölkədə olub. Bu səfərdə Azərbaycanı Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov, Huquqi Yardım İctimai Birliyinin direktoru İlqar Qasımov, Gənc Liderlər İctimai Birliyinin sədri Səbinə Ələkbərova, Regional İnsan Huquqları və Media Mərkəzinin direktoru Xalid Kazımov, Mustəqil Jurnalistlərə Texniki və Huquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev, "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin sədri Firuzə Əsədullayeva və "Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzi İctimai Birliyinin əməkdaşı Fərid Zülfüqarov təmsil edib.
Gürcüstandakı "Sinergiya" Məcburi Köçkünlər şəbəkəsi ilə birgə konfrans təşkil edən nümayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər də keçirib. Gürcüstanın Reinteqrasiya Məsələləri üzrə Dövlət naziri Paata Zakareişvili, Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Qaçqın Düşən Şəxslərlə iş üzrə Naziri David Daraxvelidze ilə bu sahədə müşahidə olunan mövcud problemlər müzakirə olunub. Kutaisi, Zuqdidi, Tsxaltuba şəhərlərində məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə baş çəkib, həm yeni inşa olunan binalarda, həm də istirahət düşərgələri və məktəblərdə məskunlaşan məcburi köçkünlərin problemləri ilə tanış olub, yerli icma nümayəndələri ilə görüşlər keçirib.

Humanitar Tədqiqatlar Cəmiyyətindən Aznews.az-a verilən məlumata görə, müzakirələr zamanı qeyd olunub ki, Gürcüstanda 270 min məcburi köçkün var və onlar 400 ictimai binada məskunlaşıblar. Həmin binaların əksəriyyəti, xüsusən sərhəd bölgəsinə yaxın rayonlarda yerləşən binalar artıq yararsız hala düşüb və həyat üçün təhlükəli vəziyyətdədir. Odur ki, hazırda onlar üçün normal şəraiti olan kollektiv məskunlaşma mərkəzlərinin salınması istiqamətində işlər aparılır. Qeyd olunub ki, yeni evlər belə ailələrin tam mülkiyyəti sayılır.
Azərbaycan nümayəndə heyəti də son illərdə məcburi köçkünlrin yerləşdirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən işlərdən və onların problemlərindən danışıb. Qeyd olunub ki, Azərbaycanda da çadır şəhərcikləri təmamilə ləğv edilib və məcburi köçkünlər müasir standartlara uyğun tikilən mənzillərlə təmin edilib. Yaşadıqları mənzillərin tam hüquqlu sahibi ola bilməyən məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası ilə bağlı da problemləri var.


Qeyd edək ki, səfər Avropa Birliyinin dəstəklədiyi "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa əməkdaşlığı" layihəsinin ikinci fazası kimi İngiltərənin Barışıq Resursları təşkilatının ayırdığı maliyyə əsasında Humanitar Tədqiqatlar Cəmiyyətinin "Azərbaycanda Məcburi köçkünlərə diqqətin yönəlməsi" layihəsi çərçivəsində reallşıb.

AzNews.az