İran paytaxtını dəyişir


İran hökuməti paytaxtın dəyişdirilməsi məsələsini yenidən gündəmə gətirib. Hakimiyyətə yaxın mənbələrın məlumatına görə, Tehran yaxınlığında yerləşən və yeni tikilən Pərənd şəhəri bu məqsəd üçün nəzərdə tutula bilər. AzNews.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, Pərənd Tehran, Kərəc və Qum şəhərlərinin arasında yerləşir.

İranın dini paytaxtı, Quma və Tehrana yaxın olduğundan, həmçinin indiki paytaxta məxsus mərkəzilik keyfiyyətlərinə sahib olduğuna görə, Pərəndin paytaxt seçilməsi münasib hesab olunur. Şəhərin tikinti işlərinin baş direktoru Səid Sabuni bildirib ki, gələcəkdə Pərənd şəhərindən İranın digər böyük şəhərlərinə sürətli qatar yollarının tikintisi və müxtəlif şəhərlərdən bura birbaşa avtomobil yollarının salınması nəzərdə tutulub. S.Sabuninin sözlərinə görə, Pərəndi yeni paytaxt namizədi kimi qəbul edilib və bu məsələ ilə bağlı araşdırmalar aparılır.


Qeyd edək ki, Tehran 9 milyon əhalisi ilə dünyanın ən sıx şəhərlərindən biridir. Indi bu şəhər İranın ticari, siyasi paytaxtı olmaqla yanaşı, həm də sənaye şəhəri hesab olunur. Bu səbəbdən şəhərin infrastrukturu artıq yetərsiz hesab olunur.


Alpər

AzNews.az