Yumaşovdan etiraf: “Putin 2 dəfə Kremldən getmək istəyib”

"Mən digər müavinlərimdən fərqlənən Putini buraxmaq istəmirdim"

“Vladimir Putin prezident olanadək iki dəfə Kremldən getmək istəyib”.

Bunu yutub kanalında yayımlanan “Yeltsin Mərkəzi” verilişində 1997-1998-ci illərdə Rusiyada prezident administrasiyasının rəhbəri olmuş Valentin Yumaşev deyib. Onun sözlərinə görə, Putin 1997-ci ildə administrasiya rəhbərinin müavini təyin olunduqdan bir il sonra iki dəfə istefa vermək istəyib. O, bunu istirahətsiz ağır iş qrafikini və ailəsinə vaxt ayıra bilməməsi ilə əlaqələndirib.

“Ancaq mən digər müavinlərimdən fərqlənən Putini buraxmaq istəmirdim. 2 ay sonra birinci müavinim istefa verdi və mən böyük məmnuniyyətlə Vladimir Putinə bu yeri təklif etdim, işləməyə başladıq”, - deyə Yumaşev xatırlayıb.

Qeyd edək ki, Yumaşev eks-prezident Boris Yeltsinin kürəkəni olub. Putin 2018-ci ildə Yumaşevi özünə müşavir təyin edib.(qafqazinfo.az)

AzNews.az