“Hansı kanalı açırsansa bozbaş bişirirlər...” “Hansı kanalı açırsansa bozbaş bişirirlər...”

Kamran Həsənli: “Televiziya rəhbərlərinə yaltaq adamlar lazımdır”

“Hansı kanalı açırsansa bozbaş bişirirlər...”



Aparıcı Nərgiz Cəlilova açıqlamasında bildirib ki, Azərbaycan telekanallarının faciələrindən biri cəmiyyətlə ayaqlaşa bilməməsidir: "Rusiya və Türkiyə kanallarında cəmiyyətlə bütövləşmə var. Amma bizdə isə bu yoxdur. Aparıcılar bizim gözəl bölgələrimizin şivə və ləhcələrini efirə gətirib".

Kamran Həsənli AzNews.az-a açıqlamasında həmkarı Nərgiz Cəlilovanın bəzi fikirləri ilə razılaşsa da bəziləri ilə razılaşmadığını dedi: "Doğrudur, aparıcılar çalışırlar ki, insanlar kanala baxanda düşünməsinlər. Sadəcə, iştahları qalxsın. Çünki hansı kanalı açırsansa ya bozbaş bişirirlər, ya da oynayırlar. Yəni, "yeyək-oynayaq" prinsipi...

Aparıcılara elə gəlir ki, kimisə düşündürsələr, onların "reytinq"i olmayacaq. Kanal aparıcılarının bir məqsədi var - ərə getmək, çalıb oynamaq və yemək bişirmək, vəssalam. Çünki özlərinin həyat tərzi belədir. Onlar düşünmədən yaşayırlar. Əgər belə olmasa, onlar insanları düşündürən proqramlar hazırlayarlar".

K.Həsənli bildirdi li, televiziya ədəbi dildə olmalıdır: "Təəssüf ki, kanal rəhbərləri tərəfindən ləhcə ilə danışan aparıcılara heç bir qadağa qoyulmayıb. Həmin aparıcılar peşəkar deyillər. Peşəkarlar çox vaxt şəxsiyyət olur. Şəxsiyyət olduqlarına görə də özlərinin həyat prinsipləri var. Amma kanal rəhbərlərinə prinsipsiz, yaltaq adamlar lazımdır. Onlar kanala daha çox sərf edir. Rəhbərlərə əyilən-duranlar lazımdır. Özlərinin düşüncəsi yoxdur. Beş-altı söz öyrənir, bütün günü rəhbərliyə yaltaqlanır. Peşəkar aparıcıların həyat prinsipi var. Ona görə də rəhbərlik belə aparıcıları kənarda qoyur".

Bahar Rüstəmli
AzNews.az