Şəhidlər xiyabanında çəkilən bu klip qalmaqal yaratdı - VİDEO

“Nə edirəm, gözünüzə ox kimi batır”

Rəqqasə Fatimənin “Cümhuriyyət suitası” adlı rəqsi böyük qalmaqala səbəb olub.

AzNews.az xəbər verir ki, sözügedən klipdə Fatimə Şəhidlər xiyabanındakı alov abidəsinin qarşısında rəqs edib. İctimai arenada Fatimənin bu rəqsi vətən uğrunda dünyasını dəyişən şəhidlərin ruhuna hörmətsizlik kimi dəyərləndirilib.

Rəqqasə Fatimə Fətəliyeva isə ona ünvanlanan iradların heç birini qəbul etmədiyini bildirib:

“Nə oldu? Nə baş verdi? Nə edirəm, gözünüzə ox kimi batır. Bu vətənin qızı olaraq, vətənimizə uyğun növbəti klipimi çəkdirdim. Niyə birmənalı qarşılamırsınız? Orada tənqid ediləsi heç bir hərəkət yoxdur. Klipi Cümhuriyyətimizin 100 illiyinə həsr etmişəm və ayıb iş görməmişəm. Bu nədir? O dəqiqə top atəşinə tutursunuz, deyirsiniz ki, Şəhidlər Xiyabanında klip çəkdirib, niyə?

İllər əvvəl orada hamı klip çəkdirib, onları qınamadınız, indi məni qınayırsınız? Şəhid ruhuna tərbiyəsizlik etməmişəm, etmərəm də. O şəhidlərin sayəsində sağlam ölkədə yaşayıramsa, onların qanı ilə ayaqdayamsa, ruhlarını incitmərəm, heç narahat olmayın. Məzarların önündə yox, alov abidəsinin qarşısında rəqs etmişəm. Rəqsim də toyxana rəqsi deyil, vətənimizin qələbəsinə həsr olunub.

Ağzıgöyçəklər, məncə susmağınız və bu işimi alqışlamağınız lazımdır. Vətən üçün edilən hər bir addım daş-qalaq olunmur, alqışlanır”, - deyə Fatimə Fətəliyeva bildirib.



Bahar RÜSTƏMLİ
AzNews.az