Zərdüşt Əlizadə: “Səmimilikdən danışmaq səfehlikdir”

“İranlı biznesmenlərin kapitalını Ermənistanın iqtisadi inkişafına ciddi təsir göstərən amil hesab etmirəm”



İranlı iş adamlarının Azərbaycanın Qarabağ bölgəsi və Ermənistanda geniş investisiya yatırması ilə bağlı məlumatlar verilməkdədir. Müxtəlif dövlətlərin iş adamlarının Ermənistan iqtisadiyyatını yüksəltmək məqsədilə bu ölkəyə sərmayə yatırması planları barədə politoloq Zərdüşt Əlizadə AzNews.az-ın suallarını cavablandırıb.

-İranlı iş adamlarının Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərinə investisiya qoymasını necə dəyərləndirərdiniz? Bu, İrana gözlənilən hərbi müdaxilə ilə əlaqəli deyil ki?

-Biznesmenin əsas bir məqsədi var: o da pul qazanmaqdır. Azərbaycanda pul qazanmaq imkanları Ermənistanla müqayisədə qat-qat çoxdur. Amma Azərbaycan hakimiyyəti iranlı iş adamlarına öz kapitalını burada yatırmağa icazə vermir. Kapitalın da belə bir xüsusiyyəti var ki, o həmişə özünə gəlir axtarır. Ona görə də bu investorlar daha az gəlir gətirən Ermənistana kapital qoymaq məcburiyyətindədirlər. Digər bir tərəfdən də İran biznesi üçün Avropa və başqa ölkələrdə böyük çətinliklər yaradılır. Çünki Qərb İran rejimini bəyənmir, ona qarşı sanksiyalar tətbiq edir, o cümlədən də maliyyə əməliyyatları sahəsində maneələr var. Bu mənada Azərbaycan və Ermənistana yollar açıqdır. Lakin Azərbaycan bunu istəmir, Ermənistan isə bunda maraqlıdır. İranlı iş adamlarının Ermənistana investisiya qoymasında mən başqa məqsəd və İrandan qaçma meyli də görmürəm.

-Yatırılan sərmayələr Ermənistan iqtisadiyyatının inkişafında rol oynaya bilərmi?

-Bu sərmayələr çox cüzidir, Ermənistana güclü sərmayə də gəlmir. Çünki Ermənistanda faktiki olaraq daxili bazar çox məhduddur, ödəmə qabiliyyəti də olduqca aşağıdır. Əhali kasıbdır, çıxış yolları da olduqca məhduddur. Yalnız Gürcüstan vasitəsilə Batumi yolu sayəsində Qara dənizə çıxa bilir. Yəni burda böyük sərmayə, layihə gözlənilmir. Bütün bunlar isə ümumilikdə Ermənistan iqtisadiyyatının inkişafından danışmağı mümkünsüz edir. Ona görə ki, müasir iqtisadiyyat ya xammala söykənməlidir, ya da beynəlxalq əmək bölgüsü olmalıdır. Təbii ki, bunun üçün sərhədlər açıq olmalı, böyük inteqrasiya prosesi getməli, beynəlxalq əmək bölgüsündə fəal iştirak tələb olunur. Bunların isə heç biri Ermənistan üçün mümkün deyil.

-Əgər imkanlar məhduddursa, o zaman iranlı biznesmenlər niyə Ermənistana yatırım qoyur? Bu dövlətlərarası münasibətlərin səmimilik göstəricisidir?

-Dövlətlər arası münasibətlərdə səmimilik olmur, maraqlar olur. Ona görə də səmimilikdən danışmaq səfehlikdir. Dövlətlərarası beynəlxalq münasibətlərdə yalnız və yalnız daha çox maraqların müşahidə olunduğu da heç kimə sirr deyil. Bu mənada iranlı biznes adamlarının Ermənistana cüzi miqdarda sərmayə qoymasını qüvvələr nisbətinə, Ermənistanın iqtisadi inkişafına ciddi təsir göstərən amil hesab etmirəm.

-Açıqlamaya görə, iranlı biznesmenlərin kapitalını artırması baxımından Azərbaycanın işğal olunmuş əraziləri daha çox cəlb edir...

-Hər şeydən əvvəl kapital iki amilə söykənir. Can və mal güvənliyi əsas sayılır. Malın və canın salamatlığı düşünüldüyü halda müharibə ehtimalı olan ərazilərə kapitalın yatırılması inandırıcı görünmür. Axı biznes nə üçün müharibə ehtimalı böyük olan yerlərə yatırılmalıdır ki, sonra da o itirilsin? Bu boş söhbətdir və bu ermənilərin növbəti məkirli yalanıdır. Eyni zamanda da ermənilərin işğal olunmuş ərazilərimizdə Suriyadan və yaxud da bir başqa yerdən erməniləri gətirib məskunlaşdırma siyasəti yeritməsi barədə səsələndirdiyi fikirlər də məkirlidir.

Gültəkin Qəhrəmanlı
AzNews.az