“Prezidentin sərəncamı bizə imkan verir ki, qayıdış proqramımızı təcrübədən keçirək” - Əli Həsənov

“Cocuq Mərcanlı kəndi hələ Horadiz əməliyyatı zamanı işğaldan azad olunub. Lakin o ərazilər daim ermənilərin atəşi altında olduğu üçün qəsəbədə yaşamaq mümkün deyildi. Ötən ilin 2-4 aprel tarixlərində həyata keçirilən əməliyyatlar zamanı iki yüksəklik, o cümlədən Lələtəpə yüksəkliyi azad edildi və 10 minlərlə hektarlarla torpaq geri qaytarıldı. Bundan sonra Cocuq Mərcanlıda yaşayış imkanı yarandı”.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, həmin dövrdən yalnız bir ailə kənddə məskunlaşıb və bu gün də yaşayır.

Baş nazirin müavini qeyd edib ki, Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar ölkə başçısının imzaladığı sərəncam tarixi əhəmiyyətə malikdir: "Biz həmişə deyirdik ki, qayıdış proqramımız hazırdır və sülh müqaviləsi bağlanan andan onun icrasına başlanacaq. Lakin ölkə başçısı sülh müqaviləsinin imzalanmasını gözləmədən bərpa işlərinin həyata keçirilməsi ilə bağlı qərar verdi. Bu, bizə imkan verir ki, qayıdış proqramımızı təcrübədən keçirək".

Ə. Həsənov əlavə edib ki, sabah işğal altında olan rayonların icra başçıları və millət vəkillərinin iştirakı ilə geniş müşavirə keçirəcək. Onun sözlərinə görə, iclasda layihələndirmə işləri müzakirə olunacaq: "Cənab prezident Cocuq Mərcanlıda 50 mənzilin tikintisi ilə bağlı sərəncam verib. Lakin sərəncam verildikdən sonra ölkə başçısına qaçqın və məcburi köçkünlərin müsbət çağırışları daxil olub və qərara alınıb ki, orada daha böyük və müasir qəsəbə tikilsin. Biz imkanları araşdırırıq. Olar bilər ki, ilkin mərhələdə orada 50 mənzil tikiləcək, ancaq paralel olaraq böyük sayda insanı orada yerləşdirmək üçün layihələndirmə işləri aparılacaq, ardınca mütləq sürətdə tikinti işlərinə başlanacaq".

Qeyd edək ki, 1994-cü ildə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 4 milyon manat ayrılıb.