Zəhranın ermənilər tərəfindən qətlini pisləyən bəyanat almanlara təqdim edildi

Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu Alxanlı kəndinin dinc sakinləri - Quliyeva Sahibə İdris qızına və 2 yaşlı Quliyeva Zəhra Elnur qızına qarşı törətdiyi vəhşilik Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir.

AzNews.az Report-a istinadən xəbər verir ki, körpə qatillərinin əsl simasını dünya ictimaiyyətinə göstərmək üçün bir sıra tədbirlər görülür.

Azərbaycan Maarifçi Gənclər Təşkilatı (AMGT) da dinc insanların qatillərinin əməlini pisləyən bəyanat qəbul edərək nu Almaniyanın paytaxtı Berlində ingilis və alman dilində sakinlərə təqdim edib.

“İki yaşlı Zəhranın amansızlıqla qətlə yetirilməsi nə insani, nə də müharibə şəraitinin qanunlarına uyğun gəlir. Bu, insanlığa sığmayan hücumdur. Bütün dünya bunu görməli, bilməli və səssiz qalmamalıdır” - fikirlərinin yer aldıgı bəyanat ingilis və alman dilində tərcümə olunaraq Berlində, Bradenburq qapıları önündə toplaşan turistlərə və sakinlərə təqdim olunub.

Bununla yanaşı, AMGT rəhbəri Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.