GUAM çərçivəsində nəqliyyat dəhlizinin yaradılması əsas prioritetlərdən biri olacaq. GUAM çərçivəsində nəqliyyat dəhlizinin yaradılması əsas prioritetlərdən biri olacaq.

GUAM-a üzv ölkələr iqtisadi əməkdaşlığı genişləndirəcək

GUAM çərçivəsində nəqliyyat dəhlizinin yaradılması əsas prioritetlərdən biri olacaq.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu gün Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş görüşdən sonra mətbuat konfransı keçirilib.

Gürcüstan xarici işlər naziri Mixeil Canelidze Gürcüstanın GUAM-da fəal rol oynamaqda davam edəcəyini bildirib.

M. Canelidze bu gün imzalanan birgə Bəyannamədə GUAM-ın gələcək illər üçün əsas prioritetlərinin əks olunduğunu nəzərə çatdırıb: “Sənəddə qeyd olunan məqsədlərə nail olmaq üçün ölkələr daha effektiv əməkdaşlıq edəcəklər. GUAM çərçivəsində nəqliyyat dəhlizinin yaradılması əsas prioritetlərdən biridir və bu istiqamətdə müxtəlif formatlarda əməkdaşlıq həyata keçirilir”.

Sonra çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın 20 illiyinə həsr olunmuş tədbirin yüksək səviyyədə təşkilinə görə Gürcüstana təşəkkür edib. E. Məmmədyarov GUAM uğurlu təşkilat kimi özünü doğrultduğunu vurğulayıb: “Təşkilata üzv ölkələr arasında ticarət və investisiyalar sahəsində əməkdaşlıq mövcuddur. İqtisadi sahələrdə əməkdaşlığın daha da gücləndirməklə bağlı ümumi razılıq var”.

Moldovanın xarici işlər və avrointeqrasiya naziri Andrey Qalbur öz növbəsində deyib ki, gələn il GUAM-a sədrlik Moldovaya keçir. Moldova sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün çalışacaq.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib ki, GUAM-ın yarandığı ilk illərdə təşkilatın effektivliyinə skeptik yanaşmalar olsa da, təşkilat artıq 20 ildir ki, fəaliyyət göstərir: “GUAM çərçivəsində yalnız rəsmi şəxslər arasında deyil, ölkələrin gəncləri, iş və elm adamları arasında da təmaslar artırılmalıdır”.

Bununla Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş təşkilatın XİN başçılarının xüsusi görüşü başa çatıb. Nazirlər Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş naziri Giorgi Kvirikaşvili ilə görüşəcəklər.