Azərbaycan siyasətçilərindən Abdulla Gülə sərt reaksiya

Azərbaycanın siyasi partiya təmsilçiləri və politoloqları Türkiyə prezidenti Abdulla Gülün Ermənistanda keçirilən prezident seçkilərinin nəticələri rəsmən açıqlanmamış Serj Sarkisyanı təbrik etməsinə münasibət bildiriblər.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya verdiyi açıqlamada bildirib ki, Ermənistanda keçirilən prezident seçkilərinin nəticələri saxtalaşdırılıb: "Əslində Serj Sarkisyan Ermənistanın prezidenti seçilməyib. Belə olan halda Türkiyə prezidenti Abdullah Gülün Sarkisyanı hələ rəsmi nəticələr elan olunmamış təbrik etməsi yanlış addımdır. Bu, Türkiyənin qonşu dövlətlərlə "sıfır problem" siyasətinin davamıdır. Ancaq əslində bu siyasət uğur qazanmadı. Əksinə, bu siyasətin həyata keçirilməsinə başlandıqdan sonra Türkiyənin bölgə dövlətlərinin əksəriyyəti ilə münasibətlərində çox böyük gərginliklər yarandı. Eyni zamanda Türkiyə prezidentinin Sarkisyanı təbrik etməsi Azərbaycanın da mənafeyinə uyğun deyil. Çünki Ermənistanda qeyri-legitim hökumətin mövcud olması barədə beynəlxalq ictimaiyyətin rəylər bildirdiyi məqamda Türkiyə dövlətinin Ermənistan hakimiyyətinin legitimliyinə möhür vurması yanlış addımdır və təəssüf doğurur".

Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı Ermənistanda keçirilən seçkiləri anti-demokratik adlandırıb və bu seçkidə qanun pozuntularını əks etdirən çoxlu materiallar olduğunu söyləyib. Onun sözlərinə görə, bəzi beynəlxalq təşkilatlar da bu qanun pozuntularının üstündən keçərək, baş verənləri qabartmamağa çalışıblar: "Fakt budur ki, Serj Sarkisyan növbəti dəfə saxta yolla prezident postuna yiyələnib. Adətən bu cür şəraitdə - seçkilərdə qarşıdurma, namizədlərin arasında çəkişmələrin olduğu vəziyyətdə, tələm-tələsik təbrik ünvanlanması, əslində Sarkisyana mənəvi, siyasi, ideoloji dəstək vermək deməkdir. İndiki şəraitdə Türkiyə prezidentinin gözləmədən, tələm-tələsik Sarkisyanı təbrik etməsi, yuxarıda qeyd etdiyim məqamlara xidmət edir. Yəni Sarkisyana dəstək kimi xarakterizə olunur".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Türkiyə prezidentinin bu hərəkətini təəssüf hissi ilə qarşılayıb. BAXCP sədrinin fikrincə, on minlərlə insanın Ermənistanda keçirilən prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq müddətsiz və oturaq etiraz aksiyasına başladıqları bir zamanda demokratik dəyərlərə sadiq olduğunu bəyan edən bir ölkənin prezidentinin Serj Sarkisyanı təbrik etməsi demokratiyaya, insan hüquq və azadlıqlarına qarşı addım kimi dəyərləndirilməlidir: "Əgər kimlərsə belə addımların müqabilində Ermənistanın və ermənilərin qondarma soyqırım və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkəcəklərini düşünürlərsə, yanılırlar".

Q. Həsənquliyev qeyd edib ki, "futbol diplomatiyası", Sürix protokolları, Ermənistan vətəndaşları olan qanunsuz miqrantlara Türkiyədə yaşamaq və işləmək üçün yaradılan şərait nəticə vermədiyi kimi, telefon zəngləri, təbriklər və bu kimi digər addımlar da heç bir nəticə verməyəcək. O, qardaş Türkiyənin rəsmi şəxsləri tərəfindən sərgilənən bu davranışların Azərbaycanda ürək ağrısı ilə qarşılandığını, insanların hisslərinə toxunduğunu vurğulayıb: "Xüsusilə də Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində bu soyqırım aktının əsas ideoloqlarından və təşkilatçılarından biri olan Sarkisyanın təbrik edilməsi heç bir şəkildə anlayışla qəbul edilə bilməz".

AXCP sədrinin müavini Razi Nurullayev də deyib ki, Abdullah Gülün təbrik məktubu Azərbaycanda müsbət qarşılana bilməz. Bununla yanaşı, o, məlum təbriki fərqli prizmadan şərh edib: "Türkiyə regionun böyük dövlətidir. Bu dövlətin milli və strateji maraqları var. Bu səbəbdən də bizim bilmədiyimiz məqamlara söykənərək, Abdullah Gül Serj Sarkisyanı təbrik edib. Türkiyə dünyaya özünü tolerant bir ölkə kimi göstərmək niyyətindədir və heç bir halda münaqişə istəmədiyini göstərir".

R. Nurullayev bu siyasi xəttin özünü doğrultmadığını da qeyd edib: "Türkiyə özünü xoşməramlı göstərdikcə Ermənistan daha çox irəliləyir. Bunun fonunda Türkiyənin yenidən tələm-tələsik Serj Sarkisyanı təbrik etməsi suallar doğurur. Çünki Ermənistanda seçkilərin demokratikliyi şübhə altına alınıb. Cəmiyyətin böyük hissəsi etiraz aksiyalarına başlayıb və qələbəni tanımır".

Politoloq Vəfa Quluzadə Türkiyə prezidentinin addımını yüngül siyasi gediş adlandırıb: "Son vaxtlar Türkiyə Ermənistanla bağlı yüngül hərəkətlərə yol verir. Ermənistanın Türkiyəyə qarşı rəsmi şəkildə ərazi iddiaları olduğu, soyqırımda ittiham etdiyi halda, Abdulla Gül Serj Sarkisyanı təbrik edir. Bu o deməkdir ki, Abdullah Gül soyqırımda Türkiyəni günahkar sayır. Daha doğrusu, mənim üçün bu təbrik üzr istəmək mənasını verir. Bəlkə xəbərimiz yoxdur, Türkiyə Ermənistandan üzr istəməyə də hazırlaşır? Bunu anlamadıq".

AzNews.az