Xarici işlər naziri Elmar Məmmədyarov və Hindistan Respublikasının xarici işlər naziri xanım Suşma Svarajın birgə mətbuat konfransı keçirilib. Xarici işlər naziri Elmar Məmmədyarov və Hindistan Respublikasının xarici işlər naziri xanım Suşma Svarajın birgə mətbuat konfransı keçirilib.

Elmar Məmmədyarovun Hindistanın xarici işlər naziri ilə birgə mətbuat konfransı

Xarici işlər naziri Elmar Məmmədyarov və Hindistan Respublikasının xarici işlər naziri xanım Suşma Svarajın birgə mətbuat konfransı keçirilib.

Mətbuat konfransındakı çıxışı sizə təqdim edirik.

"Xanımlar və cənablar! Sizi Xarici İşlər Nazirliyində salamlayıram. Bildiyiniz kimi, Hindistan Respublikasının xarici işlər nazirixanım Suşma Svaraj Azərbaycanda rəsmi səfərdədir. Bu gün xanım nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir. Sabah isə S.Svaraj Bakıda keçirilən Qoşulmama Hərəkatının Nazirlər Toplantısında iştirak edəcək. Xanım nazirin səfər proqramına həmçinin Atəşgah ziyarətgah kompleksi ilə tanışlıq da daxildir. Azərbaycan və Hindistan arasında əlaqələr tarixi və ənənəvi xarakterə malikdir. Keçən əsrin əvvəllərinədək Hindistandan olan zəvvarlar və tacirlər Azərbaycana gələrək, Atəşgahı ziyarət edirdilər. Həmkarımla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş geniştərkibli görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, ticarət, elm, turizm, əczaçılıq kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdik. İkitərəfli Müştərək Komissiyanın iclasının bu ilin may ayında keçirilməsi ilə bağlı Hindistan tərəfinin təklifinə razılığımızı bildirdik.

Bu gün həmçinin “”Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş” və “ADA Universiteti ilə Hindistanın Xarici Xidmət İnsititutu arasında diplomatik sahədə təlim-tədris üzrə əməkdaşlıq sənədi” imzalandı. Bildiyiniz kimi, enerji sahəsində ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir, Hindistan şirkətləri “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsində iştirak etmişdir. Şimal-Cənub və Cənub-Qərb nəqliyyat marşrutları Hind Okeanı ilə Atlantik Okeanını dəmir-yolu ilə daha qısa müddət ərzində birləşdirmək potensialına malikdir. Xanım nazir Hindistanın bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirmişdir. Həmkarımla həmçinin informasiya texnologiyaları sahəsində əməkdaşlıq və mütəxəssislərin hazırlanması məsələsini xüsusilə müzakirə etdik. Hindistan şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna sərmayələr qoyması məsələsini də qeyd etdik. Ümumiyyətlə, iqtisadi-ticarət əlaqələrimizin inkişafı üçün Hökumətlərarası birgə komissiyanın mühüm rolu vardır. Həmkarıma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verdim.

Qeyd etməliyəm ki, Qoşulmama Hərəkatı çərçivəsində qəbul edilmiş, eləcə də digər sənədlərdə Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ədalətli mövqeyi Hindistan tərəfindən dəstəklənir. Təşəkkür edirəm".

AzNews.az