Bu gün Azərbaycanda Prezident seçkilərində səsvermə başlayıb. Bu gün Azərbaycanda Prezident seçkilərində səsvermə başlayıb.

Azərbaycanda Prezident seçkilərində səsvermə başladı

Bu gün Azərbaycanda Prezident seçkilərində səsvermə başlayıb.

AzNews.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Prezident seçkilərini açıq elan edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib, hazırlığın yüksək səviyyədə aparıldığını bildirib.

MSK sədri seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçməsi üçün MSK-nın bütün lazımi tədbirləri gördüyünü nəzərə çatdırıb.

Sonra MSK sədri səsvermənin başlandığını elan edib.

Dövlət himninin səslənməsi ilə səsverməyə start verilib.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının (MSK) saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumat veriləcək.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.