“El” təmsilçisi İqbal Ağazadəni “siyasətdə naşı” adlandırdı

"Belə mövqe sərgiləmək ciddi liderin işi deyil, bu ona başucalığı gətirməz"

Ümid partiyasının sədri İqbal Ağazadə AzNews.az-a müsahibəsində müxalifətin bir arada birləşdiyi Milli Şura ideyasını birmənalı şəkildə Rusiyanın layihəsi kimi qələmə verib.

Partiya sədri bildirir ki, Rusiya Azərbaycanın müstəqilliyini əlindən almağa çalışır. Onun fikrincə, əgər Rusiya Azərbaycanda Milli Şura vasitəsi ilə kimisə hakimiyyətə gətirəcəksə, deməli, bunun qarşılığında dövlət müstəqilliyimiz təhlükə altına düşəcək.

"El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev isə bu ittihama cavab olaraq AzNews.az-a açıqlamasında bildirdi ki, belə bir mövqe İ.Ağazadəyə başucalığı gətirmir:

"İqbal Ağazadə dəfələrlə bu ideyanı birlik modeli kimi lazımlı olduğunu qeyd edib. Hörmətli İqbal bəyin birdən-birə fikrinin bu cür dəyişməsi, bunun YAP sözçülərinin bəyanatlarından heç nə ilə fərqlənməməsi sözün doğrusu, məndə bəzi şübhələr doğurur. Milli Şura cəmiyyətimizin sosial sifarişidir. 20 ildə ilk dəfədir ki, demokratik düşərgə ədalətli seçki keçirmək üçün bir araya gəlib. Demokratik düşərgə artıq bir-biri ilə danışmağa cəhd göstərirlər. Belə bir kövrək və zəruri birliyi harasa bağlamaq, kiminsə "projesi" elan eləmək ən azından insafsızlıq və siyasi naşılıqdır. Milli Şuranın sifarişçisi də, onun yiyəsi də Azərbaycan xalqdır. Olmayan bir şey haqqında danışmaq ancaq öncədən görənlərə aiddir. Səhv etmirəmsə hörmətli İqbal bəyin öncədən görmək istedadı yoxdur. Belə mövqe sərgiləmək ciddi liderin işi deyil, bu ona baş ucalığı gətirməz".

Bahar Rüstəmli
AzNews.az