- Köhnə - Siyasət
- 12 İyul 2013 14:20
- 2 846
“Azərbaycanda yaşamaq mənalı və rahatdır”
Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov partiyanın Göyçay rayon təşkilatının fəalları ilə görüşüb. AzNews.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla yanaşı görüşdə Göyçay rayonundan millət vəkili seçilmiş Şəmsəddin Hacıyev, Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov da iştirak edib.
Tədbirdə çıxış edən YAP sədrinin icra katibi Əli Əhmədov deyib ki, qarşıdan gələn prezident seçkiləri öncəsi keçirilən görüşün məqsədi partiya olaraq fəallığı daha da genişləndirməkdir: "YAP-ın namizədi prezident İlham Əliyevin 10 il ölkəmizə rəhbərlik etdiyi zaman kəsiyində 1 milyon 200 min yeni iş yeri açılıb, yoxsulluq həddi 50 faizdən 6 faizə enib. Həyatımızın bütün sferalarında dinamik inkişaf həyata keçirilib.
Azərbaycanın beynəlxalq aləmdə, dünya birliyində mövqeyi möhkəmlənib. Həyatımızda baş verən ciddi dəyişikliklər ulu öndər Heydər Əliyev siyasi kursunun İlham Əliyev tərəfindən uğurla icra olunmasının nəticəsidir. Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin kökündə insanların rahat yaşaması, rifah halının yüksəlməsi dayanır.
Əldə olunan uğurların əsas qayəsi ölkəmizdə yaşanan sabirlik, əmin-amanlıqdır. Bu gün sözün həqiqi mənasında Azərbaycanda yaşamaq mənalı və rahatdır. Bu şərait insanlarımızı sövq edir ki, növbəti 5 ildə də prezident kürsüsündə İlham Əliyevi görsünlər. Biz əminik ki, göyçaylılar hər zaman olduğu kimi bu dəfəki seçkidə də Heydər Əliyev siyasi xəttini müdafiə edərək İlham Əliyevə səs verəcəklər".
İcra katibi çıxışının sonunda YAP-ın rayon fəallarına tapşırıqlarını verərək qarşıda duran vəzifələrini müəyyən edib.
AzNews.az