Milli Şuradan Avropa Parlamentinə kim gedəcək?

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Brüsselə səfər edəcəyi sual altındadır.

Bu barədə Cəmil Həsənlinin mətbuat nümayəndəsi Oktay Gülalıyev modern.az-a açıqlamasında bildirib. Milli Şura üzvü qeyd edib ki, seçki gününə az qaldığından Cəmil Həsənlinin Avropa səfərinə getməsi mümkün deyil:

"Cəmil bəy yerlərdə seçicilərlə görüşlər keçirir. Seçkilərə az qaldığından onun Brüsselə getməsi mümkün deyil. Dünən Cəmil bəylə də telefonda danışdıq. Amma qeyd edim ki, Milli Şura olaraq bu səfərdən imtina etməyəcəyik. Səfər kimin gedəcəyinə bu gün qərar veriləcək. Hələli bilmirik kim gedəcək".

Milli Şuranı Brüssel səfərində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının təmsil edəcəyi bildirilsə də o bundan xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, prezidentliyə namizəd Cəmil Həsənlinin oktyabrın 3-də Brüsselə dəvət alıb. Onun Avropa Parlamentində Azərbaycandakı seçkilərlə bağlı təşkil olunacaq dinləmələrdə iştirak etməsi gözlənilirdi. Dinləmələrdə Müsavat başqanı İsa Qəmbərin də iştirak edəcəyi bildirilirdi.

Yayılan digər xəbərlərə görə, Milli Şuranın iştirak etdiyi Brüssül səfərində milli azlıqlarla bağlı məsələlərin də müzakirə olunacağı qeyd edilir.

AzNews.az