YAP-dan Ollandın müxalifətlə görüşünə sərt reaksiya - MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradovanın AzNews.az-a müsahibəsi


-Fransa prezidenti Fransua Olland Azərbaycana səfəri çərçivəsində ölkənin müxalifət təşkilatlarının liderləri və vətəndaş cəmiyyəti institutunun nümayəndələri ilə görüşdü. Müxalifət nümayəndələri görüşdə Ollanda Azərbaycanda fundamental hüquq və azadlıqların məhdudlaşdırılması, sərbəst toplaşmaq azadlığı və digər bu kimi məsələlərlə bağlı müxtəlif növ tənqidi fikirlər səsləndirib. Bu barədə nə deyə bilərsiniz?

-Müxalifət nümayəndələri cənab Ollandla başqa məsələlərlə bağlı danışsaydılar mən təəccüb edərdim. Müxalifətçilər bu dəfə də onlara olan "ümidləri" doğrultdular. Müxalifət nümayəndələri ölkəmiz haqqında Fransa prezidentinə şikayət məzmunlu fikirlər səsləndirməsi də gözlənilən idi. Əlbəttə, Fransa ilə Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir. Cənab Ollandın Bakıya səfəri və bu zaman həyata keçirilən işlər, yəni imzalanan sənədlər, tədbirlər və onun çıxışında Azərbaycan haqqında dediyi fikirlər bu münasibətlərin hansı səviyyədə olduğunu sübut edir. Yox əgər müxalifətin məqsədi Fransanın ölkəmizə qarşı bu cür müsbət mövqeyini sarsıtmağa yönəlibsə, onlar əmin olsunlar ki, buna nail ola bilməyəcəklər.

-Bu kimi görüşlərdən divident qazana biləcəklərmi?

-Bu səfərin nəticələri göstərir ki, Azərbaycanın son illər qazandığı uğurlar, Avropaya inteqrasiya prossesində xüsusi, qətiyyətli mövqeyi, müstəqil iradə sahibi olması qərb üçün hansı əhəmiyyətə malik olduğunu bir daha göstərir. Fransa prezidentinin ölkəmizə səfəri də məhz aparılan bu işlərin nəticəsidir. Ona görə də müxalifət nümayəndələri bununla Azərbaycanın nüfuzuna xələl gətirməyə nail ola bilməyəcəklər. Hesab edirəm ki, Fransua Ollandın ölkəmizə səfəri Fransa-Azərbaycan münasibətlərini daha yüksək səviyyəyə qaldıracaq. Fransa prezidenti səfər çərçivəsində Azərbaycanın regionun ən inkişaf etmiş ölkəsi olduğunu bir daha vurğuladı. Müxalifət nümayəndələri isə hər zaman Azərbaycan haqqında tənqidi münasibət səsləndirirlər. Müxalifətçilərin cənab Ollanda Azərbaycan haqqında söylədikləri fikirlər əhəmiyyətsizdir.

Bəllidir ki, müxalifət düşərgəsi bu görüşdən sonra dividentlər əldə etmək istəyəcəklər. Düşünürəm ki, onlar bu sahədə də hansısa bir irəliləyişə nail ola bilməyəcəklər. Çünki Azərbaycan müxalifətinin mövqeyi, onların gücü, fəliyyətinin məzmunu bizə bəlli olduğu kimi bütün dünyaya da məlumdur.

-Bahar xanım, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus da Fransa prezidenti ilə görüşdü. Sizcə, Fransa bu xanıma nəyə görə bu qədər önəm verir?

-Əvvəlcə deyim ki, ölkə KİV-ləri hüquq müdafiəçisi Leyla Yunusun şəxsiyyətini həddən artıq böyüdür. Ölkədə bu qədər əldə olunan inkişaf, nəaliyyət, görülən işləri bir kənara qoyub, bu şəxsin piarını müzakirə predmetinə çevirir. Hesab edirəm ki, Leyla Yunusa bu qədər diqqət yetirməyə ehtiyac yoxdur. Daha əvvəl bəlli olaylardan sonra mənə də maraqlıdır ki, Fransanın Azərbaycandakı səfirliyi bu şəxsin personasına marağı hardandır. Bütün mətbuat nümayəndələri bu sualı səfirliyə ünvanlasalar daha yaxşıdır. Hansısa ehtimal irəli sürmək istəməzdim və fikrimi ehtimallartla əsaslandırmaq düzgün olmazdı.

-Fransa prezidentinin Cənubi Qafqaza səfəri, o cümlədən ölkəmiz haqqında səsləndirdiyi müsbət fikirlər Dağlıq Qarabağ münaqişəsinə hər hansısa bir təsiri ola bilərmi?

-Hansısa bir səfərlə bu münaqişədə müsbət mənada ciddi dönüşün olacağını düşünmürəm. Amma səfərlər və bu səfərlərdə əldə olunan razılaşmalar, səslənən fikirlər prosseslərə töhfə verə biləcəyinə ümid edirəm. Amma bütövlükdə bu səfərin Dağlıq Qarabağ probleminin çözülməsi üçün həlledici səfər olacağını da düşünmürəm. Son zamanlar dünyanın böyük dövlətləri də ölkələrin ərazi bütövülyü prinsipini daha açıq şəkildə vurğulamağa başlayıblar. Ona görə düşünürəm ki, bu məsələlərin fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan sonra müəyyən fikirlərdə dəqiqləşmələr ola bilər. Hər halda qarşıdakı zaman bunu sübut edəcək.

Amid Əyyuboğlu
AzNews.az