“Aparılan danışıqlara aydınlıq gətirilsin“- Deputat

Milli Məclisin bu günkü iclasında millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Ermənistanla rəsmi va qeyri-rəsmi səviyyədə aparılan danışıqlarla bağlı məsələyə aydınlıq gətirilməsini istəyib.

"Qafqazinfo" xəbər verir ki, S. Rüstəmxanlı deyib ki, Azərbaycan nəhayət, bu məsələyə aydınlıq gətirməlidir: "Təmas xəttində hər gün atəşkəs pozulur, döyüş gedir. Demək olar ki, hər gün itkilərimiz olur, son günlər itkilərimizin sayı daha da artır. Müharibə faktiki davam edir. Digər tərəfdən, Ermənistanla danışıqlar gedir. Eyni zamanda "xalq diplomatiyası" aparılır, ictimaiyyət nümayəndələrinin görüşü, danışıqları keçirilir. "Xalq diplomatiyası" da iştirak edənlərə münasibət birmənalı deyil. Ona görə də biz bir məsələni aydınlaşdırmalıyıq. Ya biz doğurdan savaşırıq, ya da danışıqlar aparııq. Çünki savaş olanda belə danışıqlara heç bir ehtiyac qalmır. Mənim şəxsi mövqeyim aydındır. Ermənistan prezidenti Serj Sarkisyan deyir ki, türk bizim düşmənimizdir. Bir milləti bütövlükdə düşmən elan edən dövlət başçısının ya ağlı yoxdur, ya da mədəniyyətdən uzaq bir adamdır. Belə adamlarla oturub danışmağın nə mənası var? Bu, bizə nə verəcək? Biz bu məsələləri aydınlaşdırmalıyıq ki, cəmiyyət də mövqeyimizin nədən ibarət olduğunu bilsin".

Spiker Oqtay Əsədov S. Rüstəmxanlının çıxışına münasibət bildirib: "Sabir müəllim, danışıqlar aparmayıb, nə edək, müharibəyə başlayaq? O prezident erməni xalqının öz seçimidir. Biz onunla dialoq aparmağa, danışmağa məcburuq".

AzNews.az