Siyasi təşkilatlar Müsavatda kimi başqan görür? – RƏYLƏR

Sentyabrın 27-si Müsavat partiyasının qurultayıdır. Artıq yeni başqan postu uğrunda mübarizə başlayıb.

Başqan olmaq istəyənlər – Arif Hacılı, Qubad İbadoğlu, Səxavət Əlisoy və Tural Abbaslı arasında mübarizə güclənib. Qeyd edək ki, yeni başqan seçimi uğrunda 4 şəxs iddialı olsa da, əsas rəqabət iki namizəd - Arif Hacılı və Qubad İbadoğlu arasında gedir.

Bəs, müxalifət liderləri bu iki namizəddən hansını şanslı sayır? AzNews.az bununla bağlı müxalifət partiyalarının rəhbərləri arasında sorğu kecirib.

"Hansısa namizədin adını çəkməyə ehtiyatlanırıq"


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov bildirib ki, partiya olaraq Müsavat Partiyasına başqanlıq uğrunda gedən mübarizədə fikir bildirmək istəmir: "Biz partiya olaraq bu seçkiyə fikir bildirmək istəmirik. Çünki bu müsavatçıların seçimidir. Əgər bu seçki demokratik yolla keçirilərsə, bizə ancaq qalib gələn namizədə uğurlar arzulamaq düşür. Sadəcə olaraq, Müsavat Partiyasında elə bir proseslər gedir ki...Yəni partiyadaxili münasibətlər çox pis həddə çatıb. Ona görə hər hansı bir namizədin adını çəkməyə ehtiyatlanırıq. Biz buna görə partiyanın seçiminə hörmətlə yanaşırıq. Bunu nəzərə alaraq, Müsavat partiyasının başqan seçimi uğrunda gedən mübarizdə hər hansı bir namizədi dəstəkləmək fikrində deyilik".


"Arif Hacılı da, Qubad İbadoğlu da ən layiqli namizədlərdir"


"El Hərəkatı"nın sədri Eldar Namazovun fikirincə, istər Arif Hacılı, istərsə də Qubad İbadoğlu Müsavat partiyasının layiqli şəxslərindəndir. O, deyib ki, kənardan kimsə namizədlərdən birinin xeyrinə təbliğat aparmaq, hər hansı söz demək düzgün olmazdı: "Müsavat Partiyasının kadr potensialı kifayət qədər güclüdür. Orada çoxlu sayda dəyərli insanlar cəmləşib. Arif Hacılı da, Qubad İbadoğlu da ən layiqli namizədlərdir. Ancaq mən hesab edirəm ki, bu seçim Müsavatın daxili işidir. Məhz buna görə kənardan kimsə namizədlərdən birinin xeyrinə təbliğat aparmaq, hər hansı söz demək düzgün olmazdı. Biz Müsavat partiyasının seçiminə hörmətlə yanaşacağıq. Və yeni seçilən başqanla həmişə əməkdaşlığa hazıram".

"Onların seçimi həm də mənim seçimimdi"


Milli Şuranın sədri, professor Cəmil Həsənli də hesab edir ki, bu. Partiyanın daxili işidir: "Bizim seçimimiz heç nəyi həll etmir. Müsavat partiyasının üzvləri kimə səs verəcəksə, biz də onu dəstəkləyəcəyik. Onların seçimi həm də mənim seçimimdi. Biz hər bir seçicinin rəyinə hörmətlə yanaşacayıq".

"Qubad İbadoğlu intellektual olsa da..."


Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bir qədər fərqli düşünür. Onun sözlərinə görə, Qubad İbadoğlu nə qədər intellektual, nə qədər təmkinli olsa da, siyasi müxalifət liderinə xas olan keyfiyyətlərə malik deyil: "Arif Hacılı hədindən artıq ləyaqətli adamdır. Qubad bəy də həddindən artıq intellektual şəxsdir. Öz sahəsini yaxşı bilir. Arif bəy ciddi təşkilatçıdır, dövlətilik təcrübəsi var. Müsavat yaranandan onun başında olub. Demək olar ki, bu partiyanın bütün ağırlığı onun çiyinləri üzərində olub. Bu baxımdan kaş elə bir vəziyyət olardı ki, Arif bəyin təşkilatçılığı, Qubad bəyin nəzəri biliyi bir yerdə təqdim edə biləydilər. Amma bütünlüklə, seçim qarşısında qalarsaq, ən düzgün seçim Arif Hacılıdır".

"Qubad bəyə iqtisadçı alim kimi hörmətimiz var"


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Arif İsmayılbəyli isə deyir ki, bu seçim ancaq müsavatçılara aiddir: "Bu seçki Müsavat Partiyasının daxili işidir. Bizim hər hansı partiyaya sədr təyin etmək səlahiyyətimiz yoxdur. Bizim həm Arif bəyə, həm də Qubad bəyə böyük dəyər veririk. Arif bəyə siyasi xadim kimi, Qubad bəyə isə iqtisadçı alim kimi hörmətimiz var. Bunu müsavatçılar özü həll edəcək və biz bu seçimə hörmətlə yanaşacayıq".

"Əgər birinin adını çəksəm..."


Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər də başqan seçimini Müsavat Partiyasının daxili işi hesab edir: " Mən hesab edirəm ki, onlar bu seçkidə düzgün seçim edəcək və Müsavat partiyasının güclənməsi istiqamətində güclü addımlar atacaqlar. Kiminsə adını çəkmək partiyadaxili məsələlərə qarışmaqdır. Əgər birinin adını çəksəm, bu onun təbliğatı olacaq. Mən 10 il Müsavat partiyasında çalışmışam. O vaxtdan seçki, təbliğat işlərinə qarışmıram. Birini dəstəkləsəm digər ikincisinin lehinə qiymətləndirilə bilər. İnanıram ki, Müsavatda olan dostlarlarımız düzgün qərar qəbul edəcək və birliyi, demokratiyanı gücləndirəcək liderə səs verəcək. Müsavat partiyası seçki dönəmindədir. Partiyadaxili məsələlər də müzakirə olunur. Seçki prosesində təbliğat və əks təbliğat olur. Və mən buna normal yanaşıram".

Bahar Rüstəmli
AzNews.az