Müsavatda qalmaqal: İbadoğludan Hacılıya sərt ittihamlar

 

 

"Seçki kampaniyası zamanı məni hakimiyyətə işləməkdə ittiham edirdilər, hər cür böhtan-şər atırdılar. Bilirsiz ki, mənim bank hesablarıma həbs qoyulub. İndi burada başları aşağı oturublar. Rayon təşkilatlarının sədrlərinə zəng vurub deyirdilər ki, İsa bəy filan namizədi dəstəkləyir, siz də ona dəstək olun. Təəssüf ki, mən bu insanları tanımamışam, seçki prosesi mənə bunları tanıtdı".

 

AzNews.az-ın məlumatına görə, bunu Müsavat Partiyasının iclasında partiyanın başqanlığına keçmiş namizəd Qubad İbadoğlu deyib. O bildirib ki, partiyanın başqanlığına seçkilər ərəfəsində heç bir pozuntu müşahidə etməyib: "Mənim seçkinin azad və şəffaf olmasına heç bir şübhəm yoxdur, amma seçkidə ədalətlilik prinsipi pozulmuşdu. Bütün bunlara baxmayaraq, bunu Cəmil Ünala görə bağışlayıram. Çünki biz bu yola çıxmışıqsa, bu yoldan dönməyəcəyik.  Biz növbəti dönəmdə partiyanın yeni seçilmiş rəhbərliyinə baxacağıq ki, görək onlar Müsavatı hara aparır? Biz də buna uyğun qərarımızı verəcəyik. Bu gün Müsavatda dəyişikliklərə ehtiyac var. Müsavat qurultay nümayəndələri arasında Gənclər Təşkilatının cəmi iki üzvü vardı. Çünki əvvəldən prosesin necə olacağı bilinirdi. Divan üzvləri Hökumə İbrahimli, Məryəm Oruclu və Vurğun Əyyub kimi şəxslərin adı qurultay nümayəndələrinin sırasında olmayıb. Çünki onların mövqeyi məlum idi".

 

Q. İbadoğlu qeyd edib ki, onun komandası  Müsavat Partiyasında heç bir seçkili orqanlarda təmsil olunmaq niyyətində deyillər.

 

Partiyanın sabiq başqanı İsa Qəmbər deyilənlərlə bağlı fikrini bildirərkən deyib ki, seçkilər şəffaf və demokratik seçki keçirilirsə, burada narazılığın olması təbiidir: "Əslində, bilmədiyiniz məqamlar çoxdur. Hər bir məqamın ayrıca izahatı var. Vurğun Əyyub qurultay nümayəndəliyi seçilən ərəfədə Azərbaycanda olmayıb. Bu məsələnin bir tərəfidir. Mövqeyimi açıqlamaq məsələsinə gəldikdə isə, mən kimi dəstəklədiyimi əvvəlcədən bildirməmişəm. Əgər desəydim, ümumilikdə, səslərə təsir edərdi".

 

Müsavat Partiyanın yeni başqanı A. Hacılı isə ona qarşı deyilənlərə toxunmayıb: "Deyilənlərlə bağlı fikir bildirmək istəmirəm. Seçki kampaniyası zamanı da mənə qarşı haqsız çıxışları, artıq unutmuşam. Hər kəslə işləməyə hazıram. Müsavatda "Arif Hacılının komandası" adlı komanda yoxdur, Müsavatda müsavatçıların komandası var".

 

 

Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının keçirilən qurultayında Arif Hacılı qalib gəlib.

 

İlkin