Gürcüstan narahatdır Gürcüstan narahatdır

Rusiyadan “gözdağı” təlimləri başladı

Gürcüstan narahatdır



Bu gün Rusiya cənub sərhədlərində "Qafqaz-2012" təlimlərinə başlayır. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, irimiqyaslı təlimlərə rus ordusunun bütün bölmələri cəlb olunub.

Verilən xəbərə görə, "Ravievski" hərbi poliqonunda keçiriləcək təlimlərin birinci mərhələsinə prezident Putin də qatılacaq. İki mərhələdən ibarət təlimlərə 200 hərbi maşının, 100-dən artıq artilleriya qurğusunun cəlb edildiyi deyilir.

Hərbi ekspertlər isə bildirirlər ki, "Qafqaz-2012" Xəzər və Qara Dəniz akvatoriyasında miqyasına görə Rusiyanın təşkil etdiyi ən böyük hərbi təlimdir.

Qeyd edək ki, "Qafqaz-2012" təlimləri Gürcüstanda oktyabr ayının birində keçiriləcək parlament seçkiləri öncəsi keçirilir. Gürcüstanda isə bunu heç də xoş təsadüf kimi qiymətləndirmirlər və hesab edilir ki, bu Rusiya tərəfindən Gürcüstana qarşı növbəti əzələ nümayişidir. ABŞ və Avropa ölkələri də Gürcüstanla eyni qənaəti bölüşür.

Bir müddət əvvəl Gürcüstanda səfərdə olan Con Makeyn ümidvar olduğunu bildirmişdi ki, Rusiya təlimləri problemsiz ötüşəcək. Bununla belə o narahatçılığını da gizlətməmişdi. NATO baş katibi də eyni narahatlığı dilə gətirmiş və Rusiyadan təlimləri daha az hərbiçi və texnika ilə keçirməyi məsləhət görmüşdü.

Bununla belə, Rusiya təlimlərin Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə bağlılığını təkzib edir. Qeyd edək ki, təlimlər sentyabrın 23-də yekunlaşacaq.

Sadiq
AzNews.az