Gülər Əhmədovanın mandatı ləğv olunmayacaq - EKSKLÜZIV

Ənvər Əliyev: “MSK-nın özünə iynənin ucu boyda hörməti olsa, bundan imtina edəcək”



"Mərkəzi Seçki Komissiyasının Gülər Əhmədovanın mandatını ləğv etməyə ixtiyarı yoxdur". Bunu AzNews.az-a MSK-ın sabiq üzvü Ənvər Əliyev bildirdi.

Ə.Əliyev hesab edir ki, G.Əhmədov barədə hər-hansı bir addım atmaq üçün faktlar sübuta yetirilməlidir: "Sabah biri də çıxıb deyər ki, Ənvər Əliyev Milli Bankı yarıb, yığıb evinə. Sonra bu xəbəri də atdılar internetə. O, buna, bu da ona. Nəticədə Daxili İşlər Nazirliyindən əli avtomatlı bir dəstə adam gəlib məni evimdən apardılar ki, səni Akademiyanın qarşısında güllələyəcəyik. Bu belə olmur. Hər şeydən əlavə bu qadındır.

Onun partiyadaşlarının çıxışını oxuyandan sonra az qaldım özümü öldürəm. İnsanlığıma nifrət elədim. Kənardan bizə düşmən olan adam bir balaca fit verən kimi 20 illik yoldaşınızı bu şəkildə ayağa verirsinizsə, biabırçı şəkildə qadını ittiham edirsinizsə, sizə kim inanar? Canavar kimi bir-birinizi didirsiniz. Ay biçarələr, sizə kim inanmalıdır? Ay bu millətin ideoloji rəhbərləri, hara baxırsınız? Bu belə olmur. Mən bu hadisələrə ancaq təəssüflənirəm. Elə müxalifətdə də belə şeylər çox olur. Üz istəyirəm, mən bunu milli eybəcərliyimiz kimi qiymətləndirirəm".

Ə.Əliyevin fikrincə, mandatın ləğv olunması üçün şəxsin göstərdiyi arqumentlər dəyərləndirilməlidir. Yoxlanılmalıdır ki, bu arqumentlər mandatın ləğvi üçün yetərlidir, ya yox: "Gülər xanım ərizə ilə MSK-ya müraciət edib. Amma biz bilmirik ki, o, həmin ərizədə nə yazıb? Əgər yazıbsa ki, mənə qarşı bu işlər olub, əslində, MSK onu qaytarmalıdır. Arqumentlərin hüquqi xarakteri, əsası olmadığına görə, bu məsələ yubadılır. Yalnız Baş Prokurorluğun ciddi yoxlamalarından sonra onun məsələsinə baxıla bilər".

Ə. Əliyev hesab edir ki, G.Əhmədovanın mandatı ləğv edilməyəcək: "MSK onun mandatını ləğv etməyəcək. Əgər MSK-nın özünə iynənin ucu boyda hörməti varsa, o bundan imtina etməlidir. Hələ heç nə yoxdur. Tutaq ki, sabah Gülər Əhmədova tam bəraət aldı, əks tərəf darmadağın oldu, onda MSK neyləyəcək? Onda bu millət, onu ittiham edən ideoloji rəhbərləri neyləyəcək? Onlar ömründə bir dəfə istefa verəcəklərmi?

Bəs, Gülər Əhmədova necə, mandatının ləğvinə görə, MSK-dan şikayət edə bilərmi? Ə.Əliyevin fikrincə, onun buna tam haqqı var: "Şikayət edə bilər. Amma kimdən kimə şikayət edəcək? Bax, bu maraqlıdır".

Bahar Rüstəmli
AzNews.az