“Rəbiyyət Aslanova DADP-ni maliyyələşdirə bilməz“

Məmməd Əlizadə: “Fatma xanım deputatla uzaq qohum ola bilər”



"Partiya 1992-ci ildən fəaliyyət göstərir. Partiyanın zəif olmasına baxmayaraq, ölkədə baş verən proseslərdə yaxından iştirak edir. 2005-ci ildən başlayaraq partiya uğursuzluğa yuvarlandı. Bu da ciddi müzakirələrə səbəb oldu.

Qərara gəldik ki, səhv bizdədir. Sosial bazamız çox zəifdir. Sonra partiyanı qismən inkişaf etdirə bildik. Bütün dövrlərdə uğursuzluqlar mənim tərəfimdən olub".

Bu sözləri AzNews.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sabiq sədri Məmməd Əlizadə deyib. O bildirib ki, sədrlik etdiyi dövrdə partiya uğur qazana bilməyib: "Ona görə də yerimi müavinim Mirkazım Seyidova verdim. O, iclasda mənim sədr olduğum dövrdə yaxşı işləmədiyimi diqqətə çatdırıb. Bu da digərləri tərəfindən narazılıqla qarşılanıb. Bu və ya digər səbəblər üzündən Mirkazım bəylə təşkilat komitəsi arasında soyuqluq yaranıb. Həmin təşkilat komitəsinə də adamları özü seçmişdi. Sonra partiya Fatma Əliyevanı sədr seçib".

M.Əlizadə Fatma Əliyeva ilə Rəbiyyət Aslanova arasında yaxınlıqdan da danışıb: "DADP iqtidaryönlü partiyadır. Biz iqtidarın siyasətini dəstəkləyirik. Ona görə də onların hər hansı dəstək verməkləri normaldır.

Fatma Əliyevanın Rəbiyyət Aslanova ilə yaxınlığı yoxdur. Bunu mətbuat yazır. Əlaqələri olsa belə, burada şişirdiləcək bir şey yoxdur. Necə qohum ola bilərlər? Biri lənkəranlı, o biri balakənli? Uzaq qohum ola bilərlər. İnanmıram ki, Rəbiyyət xanım partiyaya yardım ayırır. Fatma xanım bizneslə məşğuldur. Partiyanı özü də maliyyələşdirə bilər".

İlkin Pirəli
AzNews.az