Millət vəkilləri Filip Kirkorovun təxirə salınan konsertindən danışdı Millət vəkilləri Filip Kirkorovun təxirə salınan konsertindən danışdı

“Filip Kirkorov erməni mənşəli bir şəxsdir“

Millət vəkilləri Filip Kirkorovun təxirə salınan konsertindən danışdı



Xəbər verdiyimiz kimi, Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorovun Bakıda planlanlaşdırılan konsert proqramı təxirə salınıb. Təşkilatçılar müğənninin Bakı konserti ilə bağlı texniki problemlərin olduğunu qeyd ediblər.

AzNews.az-ın məlumatına görə, F.Kirkorovun Bakıdakı konserti bəzi millət vəkillərinin narazılığına səbəb olub. Etiraza səbəb, müğənninin
Ermənistanda verdiyi solo-konsertində bu ölkənin bayrağını başı üstünə qaldırması, erməni mövqeyini dəfələrlə dəstəkləmədi olub.

Mövzu ilə bağlı bir neçə millət vəkili ilə əlaqə saxlayıb baş verənləri dəqiqləşdirməyə çalışdıq. Amma F.Kirkovun Bakıdakı konsertiylə bağlı danışan da oldu, danışmayan da.

AzNews.az-a açıqlamasında millət vəkili İqbal Ağazadə bu cür məsələlərə
qarışmadığını söylədi: Mən bilmirəm. Elə məsələlərə də qarışmıram".

İ.Ağazadədən fərqli olaraq, millət vəkili Zahid Oruc konsertin təxirə salınması barədə daha geniş danışdı: "Filip Kirkorov erməni mənşəli bir şəxsdir. Şübhəsiz ki, onun sənətçi olması və hər hansı bir səviyyədə kiminsə ona pərəstiş etməsi süngüylə qarşılanmaz. Lakin hər bir halda istənilən bu cür tədbir və ya həyata keçirilən addımlar Ermənistan- Azərbaycan kontekstinin konfliktində dəyərləndirilir.

Müxtəlif beynəlxalq layihələr var ki, prosesi dondurulmuş vəziyyətdə saxlamaqla, qurulacaq təmaslar hesabına bu konfliktin həllini istəyirlər. Halbuki, bu heç bir halda Azərbaycan maraqlarına uyğun deyil. Ona görə də açıq deyim ki, Filip Kirkorovun dəfələrlə Azərbaycana xoşməramını nümayiş etdirməsini, onun azərbaycanpərəst düşüncələrini dilə gətirməsini pis qarşılamırıq. Mən həmişə bu mövqedə olmuşam ki, Azərbaycan qanunlarını tanıyan, hətta, Qarabağı Azərbaycan ərazisi hesab edən ermənilərlə işləmək lazımdır. Çünki biz bütün məsələləri yalnız mənəviyyat, ürək, qəlb səviyyəsində qiymətləndirməli deyilik. Həyat daha sərt, daha mürəkkəb mahiyyətə malikdir. Xüsusilə, siyasi sferada cərəyan edən proseslər çoxcəhətlidir, çox parametrlidir. Belə olan təqdirdə Rusiya çeçenlərlə necə işlədisə,
bunu göz altına almalıyıq.

Filip Kirkorovun Azərbaycana gəlişinə qarşı çıxmaq başadüşüləndir. Amma
bir tərəfdən də onu qeyd etməliyik ki, bu şəxsin Rusiyada böyük bir şou və
mədəniyyət sferasında tanınmış şəxs olduğunu nəzərə alaraq, onun bizə yönəlik
xoş göstəricisini, məramını da süngüylə qarşılamalı deyilik. Məni düzgün başa
düşün. Heç bir halda Filip Kirkorovdan Azərbaycanın bir elitarını düzəltmək
mümkün olmaz. Əlbəttə ki, belə bir mövqədə deyilik. Lakin bu məsələdə optimal
tərəddüd saxlayaq. Rusiyada Filip Kirkorovun konsertinə gedən insanları da, hətta,
azərbaycanlıları da qətiyyən pisləmək fikrində deyiləm. Tamaşaçını qınamaq
olmaz".

Z.Oruc onu da qeyd etdi ki, Milli Məclisdə Filip Kirkorovun Bakıdakı konsertinin
təxirə salınmasıyla bağlı həmkarlarının çıxışlarından xəbərsizdir: "Doğrusu bilimrəm. Yəqin ki, fərdi səviyyədə insanların düçüncələrindən belə bir nəticə çıxarılıb. Parlamentdə ya komitələr səviyyəsində, ya da plenar iclasda cari məsələlər ətrafında belə bir nitq şəklində kəskin fikir dilə gətirilməyib, ifadə olunmayıb. Hər hansı həmkarlarımız bunu iclasda qaldırardılar və anlayışla da qarşılanardı. Birmənalı olaraq, çoxlu tərəfdarları olardı. Amma parlamentin
bundan əvvəlki sessiyası oktyabrın 16-da keçirilib və belə bir hadisı baş verməyib.

Bəlkə, mümkündür ki, komitələrdə kimsə belə bir təşəbbüslə çıxış edib. Bu barədə
mötəbər məlumata malik deyiləm. Bir daha vurğulayım ki, millət vəkilləri də
Azərbaycan insanları kimi Filip Kirkorovun erməni amilini nəzərə alaraq, belə bir
proses mövqeyini göstərirlər".

Fuad Mədətov
AzNews.az