Müsavatda sədr müavinləri istefa verdi

"Sədrə təklif etdik ki, özünə yeni komanda yığıb işləsin"



Müsavat Partiyasının Yasamal rayon təşkilatının sədr müavinləri istefa veriblər. Bu barədə təşkilat sədrinin seçkilər üzrə müavini Cəmil Qanbay öz facebook səhifəsində yazıb. O, istefanın səbəblərini partiyanın Yasamal Rayon Təşkilatının sədri Sevinc Hüseynovanın fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Qeyd olunub ki, Yasamal rayon təşkilatında şura iclası keçirilib. İclasda sədr Sevinc Hüseynovanın təşkilatda qeyri-sağlam mühit yaratdığı müzakirə olunub. Müzakirə nəticəsində sədrə protest olaraq 5 sədr müavini Cəmil Qanbay, Sərəncam İbrahimli, Laləzar Məmmədli, Nəsrulla Məmmədli, Üzeyir İbrahimli vəzifələrindən istefa verib.

Cəmil Qanbay APA-ya məlumatı təsdiqləyib. O, özü və digər müavinlərin bəzi məsələlərdə təşkilat sədri ilə razılaşmadıqlarını deyib: "Bəzi məsələlərə biz başqa cür baxırıq. Buna görə də, sədrə təklif etdik ki, özünə yeni komanda yığıb işləsin. Partiyadaxili məsələ olduğu üçün bəzi şeyləri tam açıqlamaq istəmirəm".
C. Qanbay rayon təşkilatının şurasında fəaliyyət göstərdiklərini də qeyd edib.

Müsavat Partiyasının Yasamal Rayon Təşkilatının sədri Sevinc Hüseynova isə APA-ya açıqlamasında istefaları normal qarşıladığını bildirib.

Onun sözlərinə görə, müavinlər vəzifələrindən istefa verdiklərini desələr də, istefalar qəbul olunmayıb: "Onların istefası haqqında qərar yoxdur. İstefa məsələsi sonradan da həll oluna bilər. Bu problem tamamilə partiyanın və təşkilatın daxili məsələsidir, hesab edirəm ki, mətbuatda müzakirə olunmamalıdır".

AzNews.az