- Toplum
- 26 Noyabr 2018 15:10
- 78 831
Bakıda 40 min manata silah satılır – REPORTAJ

Ən ucuzu 1000, ən bahalısı isə 40 000 manatdır...
Ovçuluq Azərbaycanda ən qədim məşğuliyyət növü olub. İndinin özündə də dədə-babalarımızdan qalan bu adət, təbiətin bizə veridyi imkanlar daxilində davam etdirilir. İlin hər fəslinin öz ov mövsümü olduğu üçün ovçuluq bütün il boyu aktual məşğuliyyət hesab edilir.
Belə olduğu təqdirdə ovçuluq mağazalarına da ciddi şəkildə tələbat yaranır. Bu tələbatı görmək üçün gün ərzində çox yox, 5-10 dəqiqə “Ovçu” mağazasında olmaq kifayətdir. Özü də belə mağazaların müştəriləri daimi və imkanlı olurlar...
Cəmiyyətdə bu sahəyə olan marağı nəzərə alıb şəhərdə yerləşən bir neçə “Ovçu” dükanına baş çəkdik. Əvvəlcə, onu deyək ki, bu dükanlarda silahlardan əlavə bir-birindən maraqlı, diqqətçəkən ovçu ləvazimatları var. Burada müxtəlif təyinatlı ov alətlərini - geyimlərdən tutmuş, quş və heyvan maketlərinə qədər nə istəsən tapmaq mümkündür. Silahlar da daxil ümumi ov ləvazimatları o qədər cəlbedicidir ki, içəri pulsuz girdiyinə heyfslənirsən. Yəni adam ovçu olmasa da burada satılanlardan nəyisə almaq istəyir. Amma qiymətlər elə oradaca bu hisləri “dəfn edir”.
Öncə silahlardan başlayaq: Çüşidlər müxtəlifdir, adi ov tüfənglərindən – təklülə, qoşalülə, beşaçılandan tutmuş, “vinçester” tüfənglər, kalaşnikov və modern görünüşlü silahlaradək hər şey var. Tüfənglərin ən ucuzu 1000, ən bahalısı isə 40 min manatdır.
Mağaza rəhbəri fotoların çəkilməsinə icazə verməsə də satıcıdan bəzi məlumatları ala bildik. 40 min manata olan silah mağazada sərgilənmir, anbarda saxlanılır. Digər silahlar isə yalnız ovçu biletləri əsasında satılır. Qiymətlərin belə baha olmasına aydınlıq gətirən satıcı dedi ki, bu, dolların bahalaşması ilə bağlıdır. Çünki bütün növ silah və ləvazimatlar dollarla alınır:
“Hər gün 150-200 nəfər müştərimiz olur. Silahların hər birinə təyinatından asılı olaraq 3-5 il qarantiya verilir. Sənədi olmayana heç bir halda silah satmırıq. Amma gün ərzində bəlkə də 100 nəfərdən çox adam sənədi olmadan gəlib silah almaq istəyir.
Satıcının sözlərinə görə, modern görkəmi ilə seçilən silahlar bəzən görünüşünə görə adamı aldadır. Belə ki, onların atış məsafəsi digər tüfənglərdən az olur. Atış məsafəsi uzaq olanlar isə əlbəttə ki, bir qədər bahalıdır. Müştərilən gün ərzində ən çox nə aldıqlarını soruşduqda satıcı dedi ki, əsasən patron satırlar:
“Ayda bir neçə silah satırıq, amma patrona hər gün tələbat var. Gələn müştərilərin 80-90 faizi əsasən patron alır”.
Qeyd edək ki, 4-5 il əvvəl ovçu mağazalarında ov təyinatlı tapançalar da satılırdı. Amma hazırda heç bir mağazda tapança tipli silahlar satılmır. Belə silahların satılması qanunla qadağan edilib.
Gələk digər ov ləvazimatlarına: Balıq tutmaq üçün tilovlar komplekt formada 25-55, torlar 20-25 manat təşkil edir. Bəzi spinninqlərin qiyməti isə 80-90 manatdır. Adi ördək maketi 20, uçan ördək maketləri 160 manatdır, kənardan pultla idarə olunur. Ovçu kambizonu 50, ovçu geyimi 130-170 manatdır. Binokl və rezin qayıqların qiyməti isə 100 – 200 manatdır. Amma “İntex” modelli elə qayıqlar var ki, qiyməti 700 manatdan başlayır.
Həm qiymətinə, həm də təyinatına görə diqqət çəkən əşyalardan biri də “Elektron manok”dur. Bu cihaz quş
ovu üçün nəzərdə tutulub. Ördək, qaz, qaşqaldaq və s. quşların səsini çıxara bilir. Cihaza əlavə səslər
yazmaq və pozmaq da mümkündür. Səs imkanı 3
kilometrə qədər yayılır. Qiyməti isə nə az, nə çox - 320 manatdır. Ən ucuz ləvazimat kepka və rezin çəkmələrdir ki, bunları da 10-15 manata almaq olar. Amma elə ovçu çəkmələri var ki, qiyməti 150-200 manatdır.
Bir sözlə, mağazada irili-xırdalı yüzlərlə ləvazimat var, hamısını sayıb qurtarmaq mümkün deyil. Görünən isə odur ki, ölkədə ovçuluğa, “Ovçu” dükanlarına maraq böyükdür. Amma bu da həqiqətdir ki, hər yerindən duran ovçuluq eşqinə düşə bilməz. Bunun üçün də müəyyən qayda və qanunlar var.
Məsələ ilə maraqlanarkən öyrəndik ki, Azərbaycanda 25-30 min arası ovçu var. Ovçuların sayı fəsillərə görə dəyişir. Onların sayı yaz və yay aylarında azalsa da, oktyabr-fevral aylarında artır.
Ovçuların silahla təmin edilməsi üçün Daxili İşlər Nazirliyindən rəsmi icazə alınmalıdır. Silah və ov vasitələrinin satışı ilə məşğul olan mağazaların fəaliyyətinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində qeydiyyata alınandan sonra icazə verilir. Mağazaya gətirilən bütün silahlar həmin idarədə qeydiyyata alınır, sonra satışına icazə verilir. İcazəsi olmadan heç bir mağaza silah sata bilməz.
Bundan başqa, silah almaq istəyən hər hansı şəxs əvvəlcə psixi və narkoloji müayinədən keçirilir və onun sağlamlıq vəziyyəti yoxlanılır. Silah almaq istəyən istənilən şəxs əvvəlcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidir. Həmin şəxsin bundan əvvəl məhbus həyatı yaşayıb-yaşamaması, narkoloji və psixoloji xəstəliklərinin olub-olmaması yoxlanılır, idarə həmin şəxs barədə araşdırma sənədlərini toplayır. Əgər onun göstəriciləri müsbətdirsə, silah almasına icazə verilir. Rəsmi icazə mağazaya təqdim ediləndən sonra ona silah satılır.
Qeyd edək ki, mağazalarda avtomat, snayper və sair yivli silahların satışı qadağandır. Düzdür, ovçu mağazalarında bu görkəmdə silahlar var, amma onlar ov təyinatlı olduğundan satışı qadağan edilmir.
Onu da əlavə edək ki, ovçu olmaq istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyin aidiyyəti departamentinə müraciət edərək müvafiq imtahan verdikdən sonra “Ovçuluq bileti” ala bilərlər.
Elgün MƏNSİMOV
AzNews.az







