Yeniyetmələr əslində dinlədikləri musiqi ilə qarşındakına “mən belə biriyəm” mesajını verir. Yeniyetmələr əslində dinlədikləri musiqi ilə qarşındakına “mən belə biriyəm” mesajını verir.
  • Toplum
  • 2 Aprel 2019 11:49
  •  2 097

Bu cür mahnılara qulaq asmaq yeniyetmələrdə... - Psixoloq

Yeniyetmələr əslində dinlədikləri musiqi ilə qarşındakına “mən belə biriyəm” mesajını verir.

Son illər internetdə, əsasən də “Youtube”də narkotik vasitələri təbliğ edən, heç janrı da bəlli olmayan musiqi-meyxanalar geniş yayılıb. Əsasən gənc və yeniyetmələr açıq aşkar narkomaniyanın təbliğ olunduğu bu klipləri izləyirlər. Çox təəssüflər olsun ki, belə videolar azyaşlılar arasında da populyarlaşıb. Bu cür mahnıların yazılması, təbliği nə dərəcə doğrudur?

AzNews.az saytına açıqlama verən psixoloq Səbinə Bayramova bildirir ki, yeniyetməlik böhranlı, həssas bir dövrdür. Bu dövrdə şəxsiyyət hələ tam formalaşmamış olur, ona görə də yeniyetmə üçün hər bir cümlə, söz təsirli ola bilir, təsir altına tez düşür. İnformasiya paylaşanda bu nəzərə alınmalıdır. Bu tip mahnıların həddən artıq paylaşılması da onların təbliğ olunması deməkdir.

“Yeniyetmələr niyə bu mahnılara maraq göstərir?” sualına isə psixoloq bu cür cavab verib:

“Ümumiyyətlə musiqi yeniyetmə ilə yaxşı bir kommunikasiya vasitəsidir. Bu dövrlərdə yeniyetmələr musiqiyə, mahnıya çox meyllənirlər və öz çevrələrində paylaşırlar. Araşdırmalar göstərir ki, bu cür mahnılara qulaq asmaq yeniyetmələrdə asosial davranışlara, narkomaniyaya marağa və hətta intihara səbəb ola bilir. Bu 3 xüsusiyyət arasında müəyyən bağ mövcüddur. Yeniyetmələr əslində dinlədikləri musiqi ilə qarşındakına “mən belə biriyəm” və “belə biri olmaq istəyirəm ” mesajını verirlər. Musiqi yeniyetmənin daxilində baş verənləri müəyyən etmək üçün yaxşı vasitəsidir və xüsusilə valideynlər bu yolla övladlarını daha yaxşı tanıya və daha sağlam ünsiyyət qura bilərlər.”

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə yayılan video geniş müzakirəyə səbəb olub. Məlum videoda qadınlar “Kazbekə şey basım fırranım” kimi mahnılara oynayaraq videoçəkiliş aparıblar.

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa daxili işlər nazirinə və baş prokurora rəsmi müraciət edəcəyini bildirib. Millət vəkili bu insanların qanun qarşısında cavab verməli olduqlarını deyib:

“Son günlər sosial şəbəkələrdə “Kazbekə şey basım fırranım” adı ilə videoçəkiliş formasında paylaşılan “mahnı” yayılmaqdadır. İfa edilən “mahnı”nın sözlərində bəşəriyyətin ən böyük bəlası olan narkomaniyaya açıq şəkildə çağırış edilir, onun yayılması təbliğ olunur. Bu çağırışın əsas hədəfi olaraq Azərbaycan auditoriyasının seçilməsi hansısa qüvvələrin ölkəmizdə bu bəlanın yayılmasında ciddi maraqlarından xəbər verir. Bu üzdəniraq "mahnı" artıq orta və ali məktəblərdə, çox sayda gənclərin arasında məqsədyönlü şəkildə sürətlə yayılmaqdadır. "Mahnı" adı ilə bu biabırçılıq və rüsvayçılığı yazdıranlar, ifa edənlər, videoya çəkilənlər və onu yayanlar kütləvi şəkildə cinayət əməli törətməklə cəmiyyətin, xüsusilə də gənc nəslin təlim-tərbiyəsinə və sağlamlığına sarsıdıcı zərbə vururlar. Bu çəkilişlərə azyaşlı uşaqların və gənc qızların cəlb olunması isə cəmiyyətdə xüsusi narahatçılıq doğurur.”

Cavidan Mirzəzadə

AzNews.az