"Ermənilər sülh və müharibə, Qərb və Rusiya arasında seçim edəcək" – Şəhla Cəlilzadə

"Ermənistanda 7 iyun 2026-da baş tutacaq parlament seçkiləri regional sülh və sabitliyin qorunmasına dair ölkə ictimaiyyətinin iradəsini nümayiş etdirəcək. Bu baxımdan, mühüm və taleyüklü seçkilər hesab oluna bilər. Ermənistanda parlament seçkiləri proporsional qaydada keçirilir. Partiyalar üçün 4%, partiya koalisiyaları üçün isə 8% səs limiti mövcuddur. Mandat uğrunda mübarizə aparan tərəflər iqtidar partiyası, yəni Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası və ona müxalif olan qüvvələrdir. Müxalif qüvvələr xüsusilə 2021-ci ildə, II Qarabağ müharibəsindən dərhal sonra Paşinyanı devirmək üçün aktivləşərək müxtəlif mexanizmlərə əl atdılar, lakin uğurlu olmadılar. Həmin dövrdə Xocalı qatili Robert Koçaryan “Daşnaksütun” və “Vahid Ermənistan” partiyalarını, yəni qatı revanşistləri “Ermənistan İttifaqı”nda, Serj Sarkisyan isə “Respublika” və “Anavətən” partiyalarını “Şərəfim var” blokunda Paşinyana qarşı birləşdirmişdi. Xalq onları deyil, Paşinyanı dəstəklədi. Öncəliklə, Paşinyana qarşı impiçment təşkil etməyə çalışdılar, lakin bu cəhd baş tutmadı. Paşinyan 2021-ci ildəki növbədənkənar seçkilərdə öz legitimliyini daha da möhkəmləndirdi. Koçaryanın Sarkisyan dövründə təsir üçün 2007-ci ildə yaratdığı psevdo-partiya, Tsarukyanın “rəhbərliyi” altında “Çiçəklənən Ermənistan” partiyası da hər hansı rəqabət gücünə malik deyil. Bu partiya qatil ikilinin (Koçaryan–Sarkisyan) dövründə parlamentdə 15–30% səs toplaya bilirdisə, Paşinyanın dövründə səsləri 3–4%-ə enmişdi. Başqa sözlə, limitin altındadır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Xatırladaq ki, Ermənistanda parlament seçkilərinə sayılı vaxt qaldığı bir dövrdə siyasi mübarizə daha da kəskinləşir. Xüsusilə revanşist düşərgənin fəallaşması diqqət çəkir. Robert Koçaryan, Serj Sarkisyan və Samvel Karapetyan ətrafında formalaşan qüvvələrin aktivləşməsi həm daxili siyasi balans, həm də regiondakı proseslər baxımından mühüm suallar doğurur. Bu fonda seçkilər Ermənistanın gələcək siyasi kursunu müəyyən edən əsas mərhələyə çevrilir.

Siyasi şərhçi qeyd edib ki, bu cür partiyalar seçki dövründə səslərlə manipulyasiya məqsədinə xidmət edir və böyük ehtimalla yeni layihə olan Samvel Karapetyana səsləri yönləndirəcəklər.

"İyun seçkilərində yeni layihə – erməni-rus maqnatı, Putinin əlaltısı (2018-də ABŞ Xəzinədarlığı tərəfindən bu şəkildə adlandırılaraq Putinin adamları siyahısına daxil edilib) Samvel Karapetyan iştirak edir. “Bizim yol” hərəkatı və qurama “Güclü Ermənistan” partiyasını yaradaraq siyasi proseslərə qatılan yox, atılan Karapetyan hakimiyyəti zorla devirməyə açıq çağırış etdiyinə görə ötən ilin iyunundan həbsdədir. Onu ikinci Bidzina İvanişvili adlandıranlar da var (Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının qurucusu olan gürcü-rus oliqarxla müqayisə edənlər). Karapetyanın özü və revanşist siyasi elitanın arxasındakı dini görünümlü siyasi alətlər, onların xarici qüvvələrlə əlaqələri bir-bir ifşa olunmaqdadır. Bu dəfəki seçkilərdə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da iştirak edir və o, açıq şəkildə Karapetyanın bloku ilə birləşmək niyyətini artıq bəyan edib. Həmçinin revanşist qüvvələrin daha bir təmsilçisi, eks-ombudsman Arman Tatoyandır. Bu qüvvələrin ardıcıl proqramının olmaması ilə yanaşı, riyakarlığı Tatoyanın bu ifadəsində öz əksini tapır: “Paşinyan seçilsə, Ermənistan yeni müharibəyə yuvarlanacaq”. Bu ifadəni ona dedizdirən qüvvələr Ermənistanı iki dəfə Azərbaycanla müharibəyə sürükləyənlər, “təhlükəsizlik üçün əlavə ərazilər” yanaşmasını irəli sürənlər, regionu 30 il müharibə şəraitində saxlayan və Ermənistanı dalana çevirənlərdir. Ehtimal var ki, Rusiyanın və revanşist qüvvələrin digər dəstəkçilərinin hibrid müdaxilələri sayəsində onlar parlamentdə müəyyən yer və say əldə edə bilərlər, lakin Ermənistan cəmiyyətinə onların vəd edə biləcəyi sülh və rifah yoxdur. Hazırda keçirilən seçkiöncəsi sorğular göstərir ki, Paşinyan 29–30% səslə öndə olsa da, Karapetyan 11% səs toplaya bilir və eyni zamanda 1–3%-lik səs toplayan psevdo-partiyaların, o cümlədən keçmiş revanşist qüvvələrin ümumi səsi 10% civarındadır. Bu səslər Karapetyana yönləndirilsə belə, o, Paşinyandan üstün ola bilmir. Lakin təqribən 30%-lik bir kəsim səsini kimə verəcəyini bilmədiyini bəyan edib. Beləliklə, bu seçkilər Ermənistan cəmiyyətinin həm sülh–müharibə arasında, həm də Qərb–Rusiya arasında edəcəyi geosiyasi seçimi özündə əks etdirəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az