​“İlk imtahanda qrup dəyişməməyin səbəbi illərlə aparılan hədəf hazırlığıdır” – Ramin Nurəliyev

"Hazırda ixtisas qrupu dəyişmə prosesinin daha çox ikinci cəhd blok imtahanından sonra baş verəcəyini düşünürəm. Çünki abituriyentlər birinci cəhd imtahanında əvvəlcədən seçdikləri ixtisas qrupu üzrə iştirak etməyə üstünlük verirlər və qeydiyyatdan da həmin istiqamət üzrə keçirlər. Məsələn, ikinci qrupu seçən abituriyent ilk cəhddə özünü məhz ikinci qrup üzrə yoxlayır. Eyni qayda ilə üçüncü qrupu seçənlər də imtahana üçüncü qrup üzrə girirlər. Əgər nəticə gözlənilən kimi olmazsa, topladığı bal müsabiqə şərtlərini ödəməzsə, o zaman digər ixtisas qruplarına keçid barədə düşünürlər. Məsələn, üçüncü qrup üzrə nəticəsi zəif olan biri ikinci qrupa və ya digər alt qruplara yönələ bilər. Dördüncü qrup üzrə hazırlaşanlarda da oxşar vəziyyət müşahidə olunur. Tibb ixtisasına hazırlaşan abituriyentlər ilk mərhələdə ciddi şəkildə dördüncü qrup üzrə imtahan verirlər".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, abituriyentlərə ixtisas qrupunu dəyişmək imkanı verilsə də, bu hüquqdan yararlananların sayı kifayət qədər azdır. Səsləndirilən bu fikir peşəyönümü məsələsini yenidən gündəmə gətirib. Müzakirələr əsasən şagirdlərin öz bacarıq və maraqlarını düzgün dəyərləndirməsi, həmçinin məktəblərdə aparılan istiqamətləndirmə işlərinin nə dərəcədə effektiv olması ətrafında cəmləşib.

Ekspert qeyd edib ki, nəticələrin istədikləri səviyyədə olmadığını gördükdən sonra abituriyentlər istiqamətlərini dəyişərək başqa qrupa keçməyi düşünə bilərlər.

"Uzun illərin təcrübəsi göstərir ki, abituriyentlər və onları yönləndirən şəxslər əsasən bu prinsiplə hərəkət edirlər. Çünki şagirdlər iki-üç il ərzində məhz seçdikləri ixtisas qrupuna uyğun şəkildə müəllim yanına gedir, kurslarda hazırlaşırlar. Buna görə də ilk imtahanda hazırlaşdıqları istiqamət üzrə iştirak etmələri daha məntiqli görünür. Qrup dəyişmək ehtimalının isə daha çox ikinci cəhd blok imtahanından sonra artacağını düşünürəm".

Rəfiqə Namazəliyeva,

AzNews.az