“Hantavirus” aşkarlanan “MV Hondius” gəmisinin son sərnişinləri təxliyə edildi

MV Hondius adlı Hollandiya bayraqlı kruiz gəmisində “Hantavirus” hallarının aşkarlanmasından sonra gəmidə qalan son sərnişinlər və bəzi ekipaj üzvləri Tenerife adasında gəmini tərk ediblər.

Sərnişin və ekipajdan ibarət 28 nəfərlik son təxliyə qrupu Granadilla Port limanına yanaşan gəmidən enərək, Niderlanda göndərilmək üçün hava limanına aparılıb.

Gəmidən ayrılan son altı nəfərlik qrupda əvvəlcə Avstraliyaya uçmaları planlaşdırılan, lakin sonradan Niderlanda gedən təyyarəyə yönləndirilən sərnişinlər yer alıb.

GƏMİ DEZİNFEKSİYA EDİLƏCƏK

Təxliyə əməliyyatı başa çatdıqdan sonra gəmi limanı tərk edərək dezinfeksiya olunmaq üçün Niderlanda yola düşüb. Gəmidə qalan 26 ekipaj üzvü də Rotterdam şəhərinə doğru hərəkətini davam etdirib.

Monika Qarsiya bildirib ki, liman ərazisində güclü külək və əlverişsiz hava şəraiti səbəbindən İspaniya Dəniz Administrasiyasının tövsiyəsi ilə gəmi yalnız bir saatlıq limana yanaşıb.

Nazir qeyd edib ki, bu addım sərnişinlərin və personalın təhlükəsizliyi üçün atılıb və təxliyə əməliyyatı “tam təhlükəsiz şəraitdə” həyata keçirilib.

Təxliyə edilən şəxslərin hamısı Tenerifeni tərk etdikdən sonra İspaniya hakimiyyəti onların olduğu ərazilərdə genişmiqyaslı dezinfeksiya işlərinə başlayıb.

GƏMİNİN KAPİTANI TƏŞƏKKÜR ETDİ

Təxliyə prosesi yekunlaşarkən gəminin kapitanı Yan Dobroqovski videomüraciət yayımlayaraq təşəkkür edib.

“Bu şəraitdə həm sərnişinlər, həm də ekipaj baxımından bundan daha yaxşı insan qrupu ilə səyahət edə biləcəyimi təsəvvür etməzdim”, — deyə kapitan bildirib.

“SERNIŞİNLƏR PSİXOLOJİ ÇÖKÜŞ YAŞADI”

Dünya Sağlamlıq Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus televiziya kanalına açıqlamasında gəmidəki bəzi sərnişinlərin psixoloji çöküş yaşadığını deyib.

O bildirib ki, sərnişinlərin gəmidə izolasiya edilməməsi “ən düzgün seçim” olub.

“Bəziləri sərnişinlərin gəmidə təcrid oluna biləcəyini dedi, amma mən bunu qəddarlıq hesab edirəm”, — deyə Tedros Adhanom Ghebreyesus vurğulayıb.

“Necə təsəvvür edə bilirsinizsə, bəzi sərnişinlər psixoloji çöküş yaşadı. Həftələrlə kiçik bir məkanda qalmaq çox çətindir. Bunun onların psixologiyasına necə təsir etdiyini düşünmək mümkündür”, — deyə o əlavə edib.

Tedros Adhanom Ghebreyesus daha sonra Tenerifedə jurnalistlərə açıqlamasında bunun yeni bir COVID-19 pandemiyası olmadığını və riskin aşağı səviyyədə qiymətləndirildiyini bildirib.

Mövsüm,

AzNews.az