"GOAT" yenidən dünya çempionatının iştirakçıları siyahısında

Argentina milli futbol komandası sosial şəbəkələrdə 2026-cı il dünya çempionatı üçün genişləndirilmiş heyət siyahısını ictimaiyyətə təqdim edib.

AzNews.az xəbər verir ki, açıqlanan siyahıda ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi də daxil olmaqla ümumilikdə 55 futbolçunun adı yer alıb.

Mundial üçün yekun iştirakçı siyahısına isə 26 oyunçu daxil ediləcək.

Qeyd edək ki, dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. 38 yaşlı Messi üçün bu mundialın karyerasındakı son dünya çempionatı ola biləcəyi bildirilir.

Argentina millisi hazırkı dünya çempionudur.

Kataloniyanın "Barselona" klubunun yetirməsi olan Messi 2003-2021-ci illərdə əsas komandanın heyətində çıxış edib. O bu müddət ərzində meydana çıxdığı 835 oyunda 709 qol vurub.

Ulduz futbolçu "Barselona" ilə dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə isə Argentina millisi ilə dünya çempionluğunu qazanıb. O, həmçinin iki dəfə Amerika Kubokunun qalibi olub və səkkiz dəfə "Qızıl top" mükafatına layiq görülüb.

Messi "Barselona"nın heyətində 35 kubok qazanıb, Argentina millisi ilə altı titul əldə edib, daha üç kuboku isə PSJ-də çıxış etdiyi dövrdə qazanıb.

Hücumçu 2023-cü ildən etibarən ABŞ-nin "İnter Mayami" klubunun formasını geyinir.