- Müşahidə məntəqəsi
- 21:10
- 892
"Müəllim çatışmazlığına yeni yanaşma tətbiq olunur" – Ramin Nurəliyev
"İlk olaraq qeyd edim ki, Elm və Təhsil Nazirliyi hər il MİQ imtahanına buraxılan ixtisasların siyahısını dərc edir. Bu isə müəyyən dəyişikliklərə səbəb ola bilir. Belə ki, hansı fənn üzrə tələbat daha çoxdursa, həmin sahədə müəllim çatışmazlığını aradan qaldırmaq məqsədilə həm pedaqoji, həm də qeyri-pedaqoji ixtisaslara imkan yaradılır. Yəni qeyri-pedaqoji ixtisası bitirən şəxs MİQ imtahanında iştirak edib müəyyən nəticə əldə edərsə, onun pedaqoji fəaliyyətinə icazə verilir. Məlumdur ki, MİQ imtahanında ixtisas bilikləri ilə yanaşı, tədris metodikası üzrə də qiymətləndirmə aparılır. Bu isə həmin şəxsin pedaqoji sahədə fəaliyyət göstərə bilməsi ilə bağlı müəyyən təsəvvür formalaşdırır. Nəticə etibarilə, imtahandan müsbət nəticə əldə edən namizədlər təhsil müəssisələrində müəllim kimi fəaliyyətə başlaya bilirlər".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”na edilən son dəyişikliklər təhsil ictimaiyyətində geniş müzakirələr doğurub. Yeniliyə əsasən, bəzi qeyri-pedaqoji ixtisas məzunlarına da müəllimlərin işə qəbulu müsabiqəsində iştirak imkanı verilib. Bu addım müəllim hazırlığı sistemində yeni yanaşma kimi dəyərləndirilsə də, onun təhsilin keyfiyyətinə mümkün təsirləri ilə bağlı müxtəlif və ziddiyyətli fikirlər səsləndirilir.
Ekspert qeyd edib ki, bu təşəbbüs ümumilikdə müsbət qiymətləndirilə bilər.
"Çünki müəllim olmaq istəyən, lakin pedaqoji ixtisasa qəbul ola bilməyən şəxslər üçün əlavə imkan yaranır. Belə şəxslər yaxın ixtisaslar üzrə təhsil alsalar da, MİQ imtahanı vasitəsilə pedaqoji fəaliyyətə qoşula bilirlər. Bu yanaşma beynəlxalq təcrübədə də tətbiq olunur. Məsələn, müasir dövrdə süni intellekt kimi yeni sahələrin tədrisi aktuallaşır. Orta ümumtəhsil məktəblərində bu fənlərin tədrisini yalnız informatika müəllimləri ilə məhdudlaşdırmaq düzgün olmaz. Kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kompüter elmləri üzrə təhsil alan mütəxəssislər də, əgər pedaqoji fəaliyyətə maraqlıdırsa, MİQ imtahanında iştirak edərək tədris prosesinə cəlb oluna bilərlər. Eyni yanaşmanı digər sahələrdə də görmək mümkündür. Məsələn, rəsm müəllimliyi üzrə dizayn, rəngkarlıq və dekorativ-tətbiqi sənət ixtisaslarını bitirən şəxslər də MİQ imtahanına müraciət edə bilirlər. Bu da onların məktəblərdə pedaqoji fəaliyyətə başlamasına şərait yaradır. Ümumilikdə, ixtisasların əhatə dairəsinin genişləndirilməsi müsbət hal kimi qiymətləndirilə bilər. Bəzən pedaqoji ixtisası bitirən şəxs tədris prosesində passivlik nümayiş etdirə bilər. Belə hallarda qeyri-pedaqoji ixtisas üzrə təhsil almış, lakin öz sahəsini yaxşı bilən və onu effektiv şəkildə tədris edə bilən şəxslərin prosesə cəlb olunması daha məqsədəuyğun hesab olunur. Bununla yanaşı, bəzi ixtisaslar üzrə də imkanların genişləndirilməsi arzuolunandır. Məsələn, tarix müəllimliyi ilə yanaşı tarix ixtisasının, coğrafiya müəllimliyi ilə yanaşı coğrafiya ixtisasının, eləcə də filologiya ixtisaslarının (Azərbaycan dili və ədəbiyyatı, ingilis dili və ədəbiyyatı) MİQ imtahanına buraxılması məqsədəuyğun olardı. Çünki bu ixtisaslar bir-birinə olduqca yaxındır. Hazırda kimya və fizika kimi sahələrdə bu uyğunluq nəzərə alınsa da, qeyd olunan digər ixtisaslarda müəyyən məhdudiyyətlər qalmaqdadır. Ehtimal etmək olar ki, yaxın gələcəkdə bu istiqamətdə də müvafiq addımlar atılacaq. Bu isə filologiya və digər yaxın ixtisas məzunlarının da ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətə cəlb olunmasına əlavə imkanlar yaradacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az