İran Azerbaycanı dronla vuruyor, Türkiye basını komplo kuruyor...

İranın nüvə silahı əldə etməsi ABŞ və İsraildən çox Türkiyə üçün təhlükə yaradır. NATO üzvü olan Türkiyənin regiondakı bütün təsir imkanları və hərbi qüdrəti Tehranın atom bombası əldə etməsi ilə iflasa uğrayır. İran belə bir dəhşətli gücə malik olduqdan sonra, Tehrana bağlı proksi qüvvələr Türkiyənin üstünə ayaq açacaq, molla rejiminin Türkiyəni qəbul etməyən terror təşkilatlarına verəcəyi dəstəklə Ankaranın daxili təhlükəsizlik arxitekturası daha ciddi, daha sistematik təhdidlərlə üzləşəcək.

Bütün bunları başa düşmək üçün xüsusi bilik və ağla ehtiyac yoxdur. Heç onu da söyləməyə gərək yoxdur ki, Tehranın apardığı nüvə danışıqları vaxt udmağa xidmət edirdi. Əgər daha öncə 12 günlük müharibə, hazırda isə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar olmasaydı, Xəmneyi və rejiminin “nüvə çemodan”ı artıq hazır idi. Üstəlik onu da nəzərdən qaçırmaq olmaz ki, İran diplomatiyası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı bütün dünyada xəcil etdi, ABŞ-la “küsülü danışıqları”n İstanbulda təşkil olunmasına razılıq vermədi. Hələ bir İrandan Türkiyəyə raket də atıldı. Bu gün İran prezidenti Məsud Pezeşkian qonşu dövlətlərdən üzr istəyib, İranın cavab tədbirləri xaric, bir daha sərhəddəki ölkələri nişan almayacağına söz verib. Bununla Tehran Azərbaycana da, Türkiyəyə də İrandan edilən hücumların məsuliyyətini rəsmi şəkildə öz üzərinə götürüb. Bu etiraf qarşısında digər iddialar həm məntiqsizlik, həm savadsızlıq, həm də manipulyasiyadır.

Çox təəsüflər olsun ki, günlərdir Türkiyə mediası məhz belə bir məntiqsizlik, savadsızlıq və manipulyasiya burulğanında çabalayır. İran savaşı başlayandan hər axşam Türkiyə telekanallarını izləmək istəyirəm. Cəmi bir neçə dəqiqə səbrimi basa bilirəm. Hadisələrin məzmunu, dinamikası, real təsirləri qalıb bir qıraqda, ABŞ və İsrailə dişlərinin dibindən çıxanı deyirlər. Fakt əvəzinə təhrif, təhlil əvəzinə təhqir Türkiyə kanallarının gündəmini zəbt edib. Məsələn, CNN Türkün dezinformasiya yayımı zirvəyə necə dırmanıbsa, Türkiyənin Maraş bölgəsində zəlzələdən uçmuş bina İran raketlərinin Təl-Əvivdə yaratdığı “sənət əsəri” kimi ekrana daşınıb.

Həmin kanalın İsmet Özçelik adlı bir “yorumçu”su var, “Aydınlıq” qəzetində də guşə yazır. Qulaq asanlarda belə təəssürat oyadır ki, sanki SEPAH gəmiləri Sakit okeanın Amerika sahillərində üzür, İran hava qüvvəlləri Vaşinqtona desant çıxarır, Ağ evə endirilən zərbələrdən sonra Tramp başını bunkerdən çıxara bilmir.

Bəs, nədir bütün bunların səbəbi?

Birincisi, məlumdur. Anti-amerikan və anti-İsrail isterikası Türkiyə mediasının köhnə mərəzidir.

İkincisi, Rza Zərrabı yəqin xatırlayırsınız. İranlı iş adamının ABŞ-da həbs edilməsindən sonra açılmışdı sandıq, tökülmüşdü pambıq. Məlum olmuşdu ki, Türkiyədə İranın qaçaq neft və qazını satan, qara paralarını yuyan böyük bir şəbəkə var. İndi savaşın labüd nəticəsi kimi bölgənin ABŞ-ın kontroluna keçməsi həm bu qeyri-qanuni milyardlar qazanmaq imkanını qapayır, həm də istintaq riski yaradır. Görünür, media patronları birbaşa olmasa da, dolayı yollarla- reklamlar vasitəsi ilə İran dinarından asılı salınıb.

Üçüncüsü, bilgi kasadlığı və stereotiplər hadisələrə rasional yanaşmalarına imkan vermir. Məsələn, bir proqramda o gün 4-5 şərhçi and-aman edirdi ki, İsrail qiyaməti yaxınlaşdırmaq üçün qəsdən dünyada münaqişə ocaqları yaradır. Daha pisi odur ki, bu sarsaq iddialar ictimai rəyə suçəkən mürəkkəbi soran kimi hopur. Bir çox media qurumları isə İranın daxili və xarici siyasətini davamlı izləmədikləri üçün elə hey laf üyüdürlər.

Üyütmək demişkən, İran və Rusiya propaqandası “ABŞ və İsrailin İrandan sonrakı hədəfi Türkiyədir” deyə məqsədli şəkildə bir tezis ortaya atıb və Yılmaz Özdilin təbirincə desək, sayın Türkiyə mediası da bu tələyə düşüb. Bir NATO üzvü olan Türkiyə ilə münaqişəyə girmək Bəşər Əsədin və ya regiondakı ərəb krallarının ağlına gələ bilər, amma nə ABŞ-ın öz əsas müttəfiqini xərcləmək kimi bir plan cızar, nə də İsrail sekulyar bir dövlətlə döyüş meydanında üz-üzə gəlməyi arzulayar.

Xəlifə xiffəti çəkən Türkiyə mediasının Azərbaycan və İsrail arsındakı özünü doğrultmuş münasibətlərdən yersiz təlaş keçirməsi ilk dəfə deyil. Bununla bağlı Azərbaycanın milli maraqları həm dövlət rəsmiləri, həm vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən, həm də elə media vasitəsi ilə dəfələrlə izah olunub. Türkiyədə obyektiv və rasional düşünən, Azərbaycana sevgisi ön planda olan qənaət öndərləri də az deyil. Onlar da rəsmi Bakının yürütdüyü çoxvektorlu xarici siyasət kursunda İsrailə nədən önəm verildiyini yaxşı başa düşürlər. Lakin özünü “ağıllı göstərmək” istəyənlər də tapılır. Biri çıxıb Azərbaycan dövlətinin başçısına məsləhət verir, digəri rəsmi Bakını “sionizmə xidmətdə” ittiham edir, başqaları Naxçıvanın İran dronlarının hücumuna məruz qalmasından sonra Azərbaycanı yalançı çıxarmaq istəyir.

Budur, “Sabah” qəzetinin köşə yazarı Melih Altunok “İsrail vuruyor, İranın üstüne yıkıyor” başlıqlı məqaləsində yazır:

“İsrail'in tuzağına düşüp pişman olmamak için azami dikkat şart.
İran'ın Nahçıvan'a İHA saldırısı düzenlediğini duyuran Cumhurbaşkanı Aliyev'in aşağıdaki çıkışı ise şüphesiz ihtiyaç duyulan sağduyudan uzak. Hatta tam olarak Tel Aviv'in istediği türden”

Əvvəla, bu Melih əfəndi gərək ağzının seliyini dağıtmazdan öncə bir neçə məsələni götür-qoy edəydi. Öncə qafasının bir köşəsinə yaxşı-yaxşı yazaydı ki, fantaziya janrında “yorum yapan” birinin müxtəlif mənbələrdən aldığı dəqiq informasiyalarla dövlət idarə edən İlham Əliyevə irad tutması, yumşaq desək, tərbiyəsizlikdir.

Digər tərəfdən, Azərbaycanın dövlət başçısı səviyyəsində ifadə olunan mövqeyi çox sadədir:

1) Ölkənin ərazisinə hücum edilib və buna hökmən reaksiya verilməlidir;
2) Hücumun təşkilatçısı kimdirsə, məsuliyyət də onun üzərinə qoyulur.

Nəhayət, bu Altunokun Azərbaycanla bağlı çapından böyük səhvə yol verməsi ilk dəfə deyil. Ötən ilin iyulunda Xankəndiyə gəlmiş, şəhəri “eski Karabağ Cumhuriyetinin başkenti” adlandırmışdı.

“Sabah” qəzetinin başqa bir yazarı Mahmut Övür də İranı öyənlər arasındadır. O, qələmə aldığı “Türkiye ile Azerbaycan’a saldırı kimin işine yarar?” başlıqlı yazıda İranı sudan duru çıxarmağa çalışır. Mahmud bəyə xatırlatmaqda yarar var, Bəşər Əsədin devrilməsindən sonra İranın dini lideri Əli Xəmneyi “bu işin arxasında bir qonşu ölkə var” deyə birbaşa Türkiyəni hədəf göstərmiş, suriyalı gəncləri Ərdoğana qarşı üsyana çağırmış, onun müşaviri Əli Əkbər Vilayəti də “qüdrətimizi özünüzlə müqayisə etməyin” yazmışdı. Vilayəti Ankaraya məsləhət də vermişdi: “Türkiyə rəsmilərinə tövsiyyəmiz budur ki, İrana uzlaşma yolunu göstərməkdəndirsə, öz getdiyiniz yoldan dönün”.

İndi nə deyirsiniz, Xəmneyi və birbaşa Xəmneyinin tapşırığı ilə Türkiyəni hədəfə alan Vilayəti də “sionist” idi?

“Karar” qəzetinin internet versiyasında Yusif Ziya Comərd adlı müəllif İrandakı qızıl almaları saymağa başlayıb. “Qızıl alma” kəliməsi sizi çaşdırmasın. Yusif Ziya, əvvəla, bu kəliməni “mükafat” mənasında işlədir. Əlavətən, Google-də həmin müəllifin adını axtaranda, ismi Fətullah Gülənin saytından çıxır. Meyiti ortada qaldığından hələ Fətullah Gülənin yanına gedib çıxmamış Xəmneyinin qurduğu istibdad rejiminin çökməsi nədənsə keçmiş “Zaman” yazarının da sinirlərinə toxunub.

Yazdığına baxın:

“Azerbaycan İsrail’le fazla içli dışlı. Buna rağmen, eğer attıysa, İran’ın bu akl-ı selim işi değil.
Çünkü Azerbaycan’a füze atmak başka bir kızıl elmaya hizmet eder.
O kızıl elma ABD’nin “Güney Azerbaycan” rüyasıdır. İran’dan büyük bir parça koparmaktır.
Devrimden beri 47 sene her gece bu rüyayı gördüler. Muvaffak olamadılar.”

Sonuncu cümlədən başlayaq. Dünyaya Yusif Ziyanın gözü ilə baxsaq, ABŞ 47 il SSRİ ilə “soyuq müharibə” apardı və qazandı. SSRİ kimi nəhəngə qalib gələn ABŞ üçün İran niyə daha çətin tikə olsun ki?!. Deməli, ABŞ-ın belə planı olmayıb və ortalığa atılan tezis elə mollaların özü tərəfindən uydurulub. Ən əsası, SSRİ müstəmləkəsi olan quzey Azərbaycanı sovet imperiyasından ABŞ və ya İsrail qopararaq müstəqilləşdirmədiyi kimi, Güney Azərbaycanın milli müqəddəratını da hazırda İranın əsarətində olan soydaşlarımız özü müəyyən edəcək. Bu hədəfi onlar üçün beynəlxalq hüquq, tarixin dinamikasını yaradan azadlıq ideyası müəyyənləşdirir. 47 ildir İran İslam Respublikasında Güney Azərbaycanlıların siyasi, sosial, mədəni haqları tapdanır. Öz milli haqları uğrunda mübarizə aparmaq hər bir insan, toplum, xalq üçün şərəfdir. Necə ki, Anadolu türkləri hələ ötən əsrlərdə məşrutə davası aparırdılar, eləcə də Güney Azərbaycan türkləri yeni rejim qurmaq üçün mücadilə başlamışdılar. Güney Azərbaycanda müstəqil dövlətin qurulması üçün qan töküləndə, “İsrail” adlı ölkə tarix səhnəsində heç yox idi, nə boş-boş danışırsınız?

Sonda bir daha böyük məyusluqla yazıram, Türkiyə mediasında anti-Azərbaycan ritorikası o qədər güclənib ki, hər birinə ayrıca cavab verməyə xeyli vaxt lazımdır. Odur ki, bizim dövlətimizin namını İrana verənlərin alayına səslənirəm: madam belə “akl-ı səlim”çisiniz, barəmizdə yazmazdan öncə bir düşünün, Zəngəzur dəhlizinin reallaşmasını süngü-bıçaqla qarşılayan molla rejiminin süqutuna üzülmək üçün bir səbəbimiz varmı?

Hər halda, Azərbaycan 30 ildən çoxdur ki müstəqildir- Türkiyənin qardaşlığının da fərqinə vara bilir, İranın kalleşliyinin də!

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru