- Siyasi müzakirə
- 17:14
- 1 759
“Moskvanın sülh mesajları beynəlxalq təzyiqləri yumşaltmaq məqsədi daşıyır” – Rəşad Bayramov
"Vladimir Putin tərəfindən verilən mesajlar hər nə qədər sülh prosesinə dair ümidləri artırsa da, bu dinamika daha çox çoxqatlı geosiyasi hesablamaların tərkib hissəsi kimi görünür. Belə ki, Rusiya və Ukrayna arasında davam edən müharibədə atəşkəs ehtimalı təkcə hərbi vəziyyətlə deyil, həm də tərəflərin siyasi məqsədləri, beynəlxalq təzyiqlər və daxili sabitlik ehtiyacları ilə sıx bağlıdır. Ukrayna onsuz da atəşkəs istəyir, amma bu atəşkəsin baş tutmaması Rusiya tərəfinin atəşkəs şərtləri ilə bağlıdır. Və bu şərtlər də hələ ki, dəyişməyib. Belə olan halda, indi rəsmi Moskvanın danışıqlara dair açıq mesajları bir neçə istiqamətdə şərh oluna bilər. Bir tərəfdən, uzunmüddətli müharibə Rusiyanın iqtisadi resurslarına, hərbi potensialına və beynəlxalq imicinə ciddi təzyiq göstərir. Sanksiyalar, texnoloji məhdudiyyətlər və enerji bazarlarında dəyişikliklər Kremlin manevr imkanlarını daraldır. Bu baxımdan, danışıqlara hazırıqla bağlı mesajlar əsasən beynəlxalq təzyiqləri yumşaltmaq məqsədi daşıyır. Digər tərəfdən, bu cür açıqlamalar döyüş meydanında situasiyanın dəyişdiyi mərhələlərdə taktiki pauza yaratmaq məqsədi də daşıya bilər. Hazırda Ukrayna tərəfinin təkcə müdafiə yox, aktiv şəkildə ayrı-ayrı istiqamətlərdə hücum əməliyyatları keçirdiyi müşahidə olunur. Rusiya hərbi kontingenti isə bir qayda olaraq qarşısına qoyulan məqsədə çatmaq üçün irəliləmək məcburiyyətindədir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Qeyd edək ki, Rusiya–Ukrayna müharibəsi ilə bağlı atəşkəs ehtimalı yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Vladimir Putinin sülh danışıqlarına dair açıq mesajlar verməsi müxtəlif cür şərh edilir. Bir qisim bunu müharibənin yeni mərhələyə keçidi kimi dəyərləndirir, digərləri isə həmin açıqlamaları taktiki gediş kimi qiymətləndirir. Eyni zamanda, Donald Trampın proseslə bağlı bəyanatları da beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Siyasi şərhçi qeyd edib ki, davamlı şəkildə hücum edən tərəf kimi Rusiyanın canlı qüvvə itkiləri Ukraynanın itkilərini dörd dəfəyə yaxın üstələyir.
"Belə bir mərhələdə pauza götürmək və hərb meydanında əldə edə bilmədiklərini masada əldə etmək indi Rusiya üçün daha cəlbedicidir. Yəni atəşkəs siqnalları mütləq sülh niyyətindən çox, hərbi və siyasi reallıqların yenidən qiymətləndirilməsi ilə bağlıdır, deyə bilərik. Eyni zamanda, Qərb bloku üçün bu mesajlar ehtiyatlı optimizm yaratsa da, tam etimad formalaşdırmır. Çünki əvvəlki mərhələlərdə də oxşar diplomatik açıqlamalar praktiki nəticəyə gətirib çıxarmayıb. Bu səbəbdən Qərb Moskvanın mövqeyini daha çox strateji fasilə axtarışı kimi dəyərləndirir. Donald Trampın mümkün vasitəçilik rolu isə ayrıca müzakirə mövzusudur. Onun prezidentlik dövründə apardığı qeyri-ənənəvi diplomatik üslub və birbaşa liderlərarası danışıqlara üstünlük verməsi nəzəri baxımdan müəyyən nəticələr verə bilər. Lakin real vasitəçilik üçün təkcə siyasi iradə kifayət etmir, həm də tərəflərin kompromisə hazır olması və beynəlxalq konsensus tələb olunur. Hazırkı mərhələdə isə həm Kiyev, həm də Moskva maksimalist mövqelərdən tam imtina etməyib. Bu da Trampın rolunu məhdudlaşdıran əsas faktorlardan biridir. Yəni Trampın vasitəçiliyi prinsipcə mümkündür, amma onun vasitəçiliyi belə avtomatik uğurlu nəticəyə zəmanət vermir. Çünki münaqişənin kökündə təkcə Rusiya–Ukrayna münasibətləri deyil, NATO-nun genişlənməsi, təhlükəsizlik arxitekturası və Avropa geosiyasəti kimi daha geniş məsələlər dayanır. Odur ki, Moskvanın atəşkəs siqnalları tək bir motivlə izah oluna bilməz. Burada həm hərbi-strateji reallıqlar, həm iqtisadi təzyiqlər, həm də diplomatik manevr ehtiyacı bir-birinə qarışır. Trampın mümkün vasitəçiliyi isə daha çox potensial siyasi imkan kimi qalır, lakin onun real nəticə verməsi üçün geniş beynəlxalq razılaşma və tərəflərin kompromisə hazır olması həlledici şərtdir. Hazırkı mərhələdə isə sülhün reallığa çevrilməsi hələ də ciddi sual altındadır".
Rəfiqə Namazəliyeva,
AzNews.az