- Siyasi müzakirə
- 10:15
- 2 301
İran–Rusiya əməkdaşlığı regiondakı güc balansını dəyişə bilərmi?
ABŞ-nın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn Senatda çıxışı zamanı Rusiya-İran münasibətlərinə dair diqqətçəkən açıqlama ilə çıxış edərək, Moskvanın Tehranı müxtəlif formalarda dəstəklədiyini bildirib. Bu iddia qlobal güc balansında artıq uzun müddətdir formalaşan bloklaşma meyllərini yenidən gündəmə gətirib və ABŞ-Rusiya qarşıdurmasının yeni geosiyasi qatlarını müzakirə mövzusuna çevirib.
Belə bir şəraitdə əsas sual ondan ibarətdir ki, Rusiya doğrudan da İrana real və sistemli dəstək göstərə bilərmi və əgər bu dəstək daha açıq xarakter alsa, Moskva ABŞ üçün birbaşa strateji hədəfə çevrilə bilərmi?.
Bu ehtimallar həm regional təhlükəsizlik arxitekturası, həm də böyük güclər arasında qarşıdurmanın gələcək trayektoriyası baxımından ciddi müzakirə tələb edir.
AzNews.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlama verib:

“Abbas Əraqçinin İran Xarici İşlər naziri kimi Rusiyaya səfəri fonunda səsləndirilən fikirlər əslində uzun müddətdir formalaşan geosiyasi xəttin davamıdır. Həm Rusiya, həm də İran bir-birini açıq şəkildə “strateji tərəfdaş” adlandırır və bu münasibət artıq gizli deyil.
Xüsusilə, SSRİ-nin dağılmasından sonra və daha qabarıq şəkildə XXI əsrin əvvəlindən etibarən İranın əsas yaxın tərəfdaşları kimi Rusiya və Çin ön plana çıxır. Rusiya imkan tapdıqca İrana dəstək verir, amma bu dəstəyin səviyyəsi hər zaman situasiyadan və öz maraqlarından asılı olur.
Çünki Moskva heç vaxt İran naminə İsrail ilə münasibətlərini qurban vermək istəmir. Bu, xüsusilə Suriya münaqişəsi zamanı da açıq şəkildə göründü: Rusiya və İran eyni cəbhədə yer alsalar da, Rusiya paralel olaraq İsraillə əməkdaşlığını davam etdirirdi və bəzi hallarda dolayı şəkildə İranın maraqlarına zidd addımlar da atırdı.
Son qarşıdurmalar fonunda İranın ABŞ və İsraillə üz-üzə gəlməsi, eyni zamanda ayaqda qalmağı bacarması Rusiyanın diqqətindən yayınmadı. Çünki Qərbin başının İranla məşğul olması Moskva üçün Rusiya-Ukrayna müharibəsi kontekstində əlavə manevr imkanları yaradır.
ABŞ Ukraynanın ayaqda qalmasında hələ də əsas rol oynayır — həm silah, həm də maliyyə baxımından — baxmayaraq ki, dəstəyin intensivliyi əvvəlki dövrlərlə müqayisədə dəyişib”.
Politoloq qeyd edib ki, burada klassik prinsip işləyir: “düşmənimin düşməni mənim dostumdur".
Rusiya İrana dəstək verir, amma bu dəstəyin hansı həddə qədər gedəcəyi açıq sualdır. Moskva ABŞ və ya İsraili tam qarşısına alacaq səviyyədə riskə gedəcəkmi — bunu proseslərin gedişi müəyyən edəcək.
Əgər İran bu qarşıdurmadan daha güclü çıxarsa, Rusiya onunla əməkdaşlığı daha da dərinləşdirəcək. Əks halda isə daha ehtiyatlı mövqe seçəcək. Hazırda görünən odur ki, İran müəyyən zərbələr alsa da, sistem olaraq dağılmayıb və müqavimət göstərə bilib.
Bu da Rusiyanın İrana olan marağını artırır. Xüsusilə, Ukrayna müharibəsində İran istehsalı dronlar — məsələn “Şahid” tipli PUA-lar — Rusiyaya ciddi üstünlük verib. Bu dronlar nisbətən ucuz və effektiv olduğu üçün Rusiya tərəfindən geniş istifadə olunur.
Digər tərəfdən, Rusiya İrana hava hücumundan müdafiə sistemləri də satıb. Məsələn, S-300 zenit-raket sistemi İranın arsenalındadır. Amma bu sistemlərin istifadəsi və effektivliyi ayrıca müzakirə mövzusudur. Ümumilikdə, dünyada Rusiya-İran-Çin xətti formalaşıb, bəzi hallarda Şimali Koreya da bu bloka yaxın mövqe tutur.
Bu ölkələr bir-birinə regional məsələlərdə dəstək versələr də, hər biri öz milli maraqlarını əsas götürərək hərəkət edir. Yəni əməkdaşlıq var, amma bu, şərtsiz müttəfiqlik deyil.
Məsələnin gələcək inkişafı isə əsasən İran–ABŞ qarşıdurmasının nəticələrindən asılı olacaq. Xüsusilə, Hörmüz boğazı ətrafında vəziyyət həlledici rol oynaya bilər. Əgər ABŞ burada üstünlük əldə edə bilməsə, Rusiyanın İrana dəstəyi daha da arta bilər. Əks halda, Moskva daha çox gözləmə mövqeyi tuta bilər”.
Ə.Məmmədli əlavə edib ki, tərəflər özlərini qalib kimi təqdim etsinlər — bu, əvvəlki 12 günlük qarşıdurmada da müşahidə olunmuşdu. Amma real nəticələr daha çox sonrakı proseslərdə üzə çıxır:
“Məsələn, əgər yaxın aylarda İranda daxili etirazlar güclənərsə, bu, xarici zərbələrin təsirini göstərən amil kimi qiymətləndirilə bilər. Hazırkı mərhələdə isə görünən budur: ABŞ ilkin hədəflərinə tam çata bilməyib və bunu həm region, həm də Rusiya diqqətlə izləyir. Nəticədə Moskva Tehranla artıq mövcud olan əməkdaşlığını daha da gücləndirməyə çalışır”.