Seminarda Vəkillər Kollegiyasının 40-dan çox üzvü iştirak edib Seminarda Vəkillər Kollegiyasının 40-dan çox üzvü iştirak edib
  • Toplum
  • 18 Aprel 2019 12:29
  •  2 590

BMT və Vəkillər Kollegiyası vəkillər üçün seminar keçirir

Seminarda Vəkillər Kollegiyasının 40-dan çox üzvü iştirak edib

Aprelin 18-də Bakıda Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı Ofisinin birgə əməkdaşlığı çərçivəsində “Ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində Birləşmiş Millətlər Təşkilatının insan hüquqları sistemi və müdafiə mexanizmi: praktik tətbiqi və perspektivlər” mövzusunda seminar keçirilib.

Seminarda Vəkillər Kollegiyasının 40-dan çox üzvü, dövlət, qeyri-hökumət, o cümlədən yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Seminarda çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirin məqsədi və əhəmiyyəti, Vəkillər Kollegiyası ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında əməkdaşlıq münasibətlərindan danışıb. O, bu əməkdaşlığın əsası olaraq vəkillərin bu sahədə biliklərinin artırılması, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən vəkillər üçün keçirilmiş birgə təlimlər, onların doğma dildə hazırlanan vəsaitlərlə təmin edilməsinin vacibliyi, hazırlanan vəsaitlərə çatımlılığın təmin olunması üçün həmin vəsaitin Vəkillər Kollegiyasının saytında yerləşdirilməsinin vacibliyi barədə məlumat verib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı Ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov BMT-nin insan hüquqları sistemində insan hüquqlarının təşviqi və müdafiəsi, BMT-nin komitələri və icraatları, xüsusi məruzəçiləri və işçi qrupları mövzusunda çıxış edib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlının “İnsan hüquqlarının müdafiəsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı ilə milli kontekstdə əməkdaşlıq istiqamətləri” mövzusunda məruzəsi dinlənilib.

Seminarda Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov “BMT-nin insan hüquqları mexanizmlərində Azərbaycanın iştirakı (ratifikasiya statusu) və BMT-nin insan hüquqları mexanizmlərinin qərarlarının icrası” mövzusunda çıxış edib.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.(AZƏRTAC)

AzNews.az