Ukraynadan soydaşlarımıza daha bir jest

Ali Radaya seçkilərdə soydaşlarımız da iştirak edə biləcəklər

Ukraynada iyulun 21-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək soydaşlarımızın bəzilərinin adları artıq bəllidir. Bunlardan bəziləri partiya siyahısı ilə, bəziləri isə majoritar qaydada seçkilərə qatılıb.

Ukraynanın beşinci Prezidenti Petro Poroşenkonun rəhbərlik etdiyi Avropa həmrəyliyi partiyasının təqdim etdiyi ilkin siyahıda Dnepr şəhərindən olan gənc həmyerlimiz Dinarə Həbibullayevanın adı 36-cı yerdədir. Rəy sorğularında Avropa həmrəyliyi partiyasının seçicilərin 10 faiz səsini qazanacağının bildirilməsi D.Həbibullayevanın deputat seçilməsi şansını artırır. Həmyerlimiz Poroşenkonun rəhbərlik etdiyi partiyanın gənclər siyasətinə başçılıq edir.

Seçkilərdə iştirak edəcək digər həmyerlimiz tanınmış cərrah-həkim İsgəndər İsgəndərovdur. Əslən Qazax rayonundan olan həmyerlimiz 35 ildir Ukraynanın Pavloqrad şəhərində yaşayır. 4 saylı Pavloqrad şəhər xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışan İ.İsgəndərov nüfuzlu həkim kimi majoritar qaydada namizədliyini irəli sürüb.

Prezident Vladimir Zelenskinin rəhbəri olduğu Xalqın xidmətçisi partiyasının siyahısında 116-cı yerdə həyat yoldaşı azərbaycanlı olan İrina Allahverdiyevanın da adı var. Bundan başqa, partiyada 170-ci sırada 30 ildən artıq Ukraynada iş adamı kimi tanınan Nəsib Rəhimovun həyat yoldaşı Anastasiya Rəhimovanın adı da yer alıb.

Daha bir həmyerlimiz olan hüquqşünas Rəmzi Rzayev majoritar qaydada Krivoy Roq şəhərindən parlament seçkilərinə namizədliyini irəli sürüb. R.Rzayev Ukraynada həm də diaspor fəalı kimi tanınır.

Namizədlərin qeydiyyat müddəti iyunun 20-də bitdiyi üçün digər soydaşlarımızın da parlament seçkilərində iştirakı mümkündür.(AZƏRTAC)

AzNews.az