- Toplum
- 1 Noyabr 2019 15:59
- 2 467
BNA: Qiymətlərin artacağı ilə bağlı səslənən fikirlər yalandır

Ortada hələ konkret nə isə yoxdur
Bu gün ictimai nəqliyyatda qiymət artımı, pik saatlarda qiymətin fərqləndirilməsi ilə bağlı məlumat yayılıb və bu geniş müzakirəyə, narazılığa səbəb olub. Müzakirələrin ardından təklifi irəli sürən Bakı Nəqliyyat Agentliyindən verilən təklifin mediada yanlış şərh olunduğunu bildirilib və qeyd edilib ki, heç bir qiymət artımından söhbət getmir.
Bununla bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədəki səhifəsində açıqlama yayıb: “Ötən gün Xəzər TV-də yayımlanan “Hər şey daxil” proqramında kart sisteminə keçid tam başa çatandan sonra gediş haqqının ödənilməsində müəyyən fərqliliklərin ola biləcəyini bildirmişəm. Yəni, ortada hələ konkret nə isə yoxdur. Bu məsələ sadəcə fikir olaraq söylənilib. Bir gün sonra bəzi KİV-lər bu açıqlamaya istinad edərək, guya marşrut avtobuslarında gediş haqqının artacağı ilə bağlı məlumatlar yayıblar. Qiymət artımı olacağı ilə bağlı əsası olmayan bu məsələ insanlar arasında ciddi narahatlığa səbəb olub”.
M.Ağayev bildirib ki, heç bir qiymət artımından söhbət getmir: “Digər yandan qiymət tənzimlənməsi BNA yox, digər müvafiq qurum tərəfindən həyata keçirilir. Efirdə səslənən fikirlərin izahına gəlincə, bildirim ki, məsələn Türkiyənin İzmir şəhərində səhər 06:00-07:00, axşam 19:00-20:00 arasında ictimai nəqliyyatda tariflər 50 faiz azaldılır. Bu ildən tətbiq edilən bu təcrübənin məqsədi pik saatlarda daha çox insanın məhz ictimai nəqliyyatdan istifadəsinə nail olmaqdır. Bizim də məqsədimiz insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdıran bu cür təcrübələrdən istifadə etməkdir. Bir daha qeyd edirəm qiymətlərin artacağı ilə bağlı səslənən fikirlər yalandır”.
AzNews.az