Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb

Şuranın üzvləri ilə faydalı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan genişmiqyaslı islahatların tərkib hissəsi kimi nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi və müasir dövrün tələbləri baxımından qurulması üçün ardıcıl tədbirlər həyata keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumatına görə, prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədi ilə ölkəmizin aparıcı elmi və təhsil, eləcə də bu sahədə uğurlu təcrübəsi olan ölkələrin müvafiq elmi qurumları, tədris müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə birgə tədqiqatların aparılması, dinləyici və təlimçilərin mübadiləsi, mütəxəssis hazırlığı və digər sahələrdə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün əməli addımlar atılır.

Prokurorluğun fəaliyyət istiqamətləri, o cümlədən ibtidai araşdırmanın aparılması və dövlət ittihamının müdafiəsi üzrə vahid təcrübənin formalaşdırılmasının, qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin, hüquqyaradıcı və hüquqtətbiqedici fəaliyyətin elmi-nəzəri əsaslarını müəyyən etməklə, Konstitusiya və "Prokurorluq haqqında" Qanun ilə prokurorluq orqanlarına həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə elmi-metodiki köməklik göstərilməsi məqsədilə həmin Qanunun 40-cı maddəsinə əsasən Baş prokuror yanında məşvərətçi orqan kimi Elmi-Məsləhət Şurası yaradılıb.

Elmi-Məsləhət Şurasının fəaliyyətinin təmin olunması üçün Baş Prokurorluq üzrə 18 sentyabr 2020-ci il tarixli əmrlə Şuranın 32 nəfərdən ibarət tərkibi təsdiq edilib, Şura üzvlüyünə prokurorluq əməkdaşları və prokurorluğun veteranları ilə yanaşı Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin hüquqşünaslıq kafedrasının, eləcə də digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsiziliyi Xidmətinin akademiyalarının nümayəndələri daxil olmaqla, elmi dərəcəsi, nüfuzlu beynəlxalq nəşrlərdə məqalə və kitabların müəllifi olan yüksək ixtisaslı və təcrübəli 14 hüquqşünas daxil edilib.

Vurğulanmalıdır ki, Elmi-Məsləhət Şurasının üzvlüyündə ümumilikdə 6 hüquq üzrə fəlsəfə doktoru və 5 hüquq elmləri doktoru təmsil olunublar.

22 sentyabr 2020-ci il tarixdə Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Elmi-Məsləhət Şurasının ilk iclası keçirilməklə, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri müəyyən edilib, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Prezident yanında İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası və Naxçıvan Dövlət Universiteti ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair təkliflərin müzakirəsi aparılıb.

Tədbir zamanı Şuranın üzvləri ilə faydalı fikir mübadiləsi aparılmış, nəzəriyyə və praktikanın əlaqələdirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.

Bundan əlavə tədbirdə, “Maddi sübutların götürülməsi və qablaşdırılması taktikası, götürülmüş maddi sübutlarla bağlı ekspertiza növlərinin təyini məsələlərinə dair müstəntiqin məlumat kitabçası”nın, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə istintaq edilən işlərin istintaq taktikasına dair” və “Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair” metodiki vəsaitlərin təqdimatı həyata keçirilb.

image description image description