Azərbaycan dilini zəif bilən əcnəbi təhsilalanlar üçün birillik Azərbaycan dili hazırlıq kursları təşkil ediləcək Azərbaycan dilini zəif bilən əcnəbi təhsilalanlar üçün birillik Azərbaycan dili hazırlıq kursları təşkil ediləcək
  • Toplum
  • 19 Aprel 2021 21:29
  •  4 166

Əcnəbilər üçün “Azərbaycanda təhsil” proqramı həyata keçiriləcək

Azərbaycan dilini zəif bilən əcnəbi təhsilalanlar üçün birillik Azərbaycan dili hazırlıq kursları təşkil ediləcək

Azərbaycanda dövlət vətəndaşların ali təhsilin hər bir səviyyəsi üzrə yalnız bir dəfə dövlət hesabına (ödənişsiz) təhsil almasını təmin edir.

Aznews.az xəbər verir ki, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasına əsasən, dövlət vətəndaşların fasiləsiz təhsil imkanlarını dəstəkləyir, yaşlıların təhsilinə, əlavə təhsil və yenidən hazırlanma təhsilinə zəmanət verir. Dövlət xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr və proqramlar həyata keçirir. Dövlət əmək bazarının tələblərinə uyğun olaraq təhsil müəssisələrinə ixtisaslı kadr hazırlığı üçün sifarişlər verir və məzunların müvafiq işlə təmin olunmasına şərait yaradır. Dövlət istedadlı şəxslərin təhsilini davam etdirməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına təminat verir. Eyni zamanda təhsillə bağlı bütün məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.

Layihədə qeyd olunub ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris Azərbaycan dilində təşkil edilir. Dövlət vətəndaşların və təhsil müəssisələrinin təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, təhsil müəssisələrində tədrisin ali təhsil sahəsində dövlət standartları əsasında digər dillərdə də aparılmasına təminat verir. Eyni zamanda tədrisin digər dillərdə aparıldığı ali təhsil müəssisələrində təhsil proqramlarının Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası üzrə təlim nəticələrinin qazanılması məqsədilə formalaşmasını təmin edir. Həmçinin Azərbaycan dilini zəif bilən əcnəbi və ya vətəndaşlığı olmayan təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun birillik Azərbaycan dili hazırlıq kursları təşkil edir. Bu kursları müvəffəqiyyətlə bitirən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər ali təhsil müəssisələrinə qəbul edilirlər.

Dövlət əcnəbilərin təhsil proqramlarına cəlb olunmasının təşviq və təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Azərbaycanda təhsil” proqramı, müvafiq innovativ layihələr və birgə təhsil proqramları tətbiqinə şərait yaradır.(apa)