10 filmdən 9-u rus dilindədir - Deputat kinoteatrlara qarşı CƏRİMƏ tələb etdi

Bir çox insan boş vaxtını müxtəlif məşğuliyyətlərlə dəyərləndirir. Bəzi insanlar sevdikləri ilə kinoteatrlarda film izləməyi sevirlər. Ancaq hazırda bəzi kinoteatrlarda filmlərin əksəriyyəti rus dilində nümayiş olunur. Elə vətəndaşlar da bu mövzudan şikayət edirlər. Belə ki, “Park Cinema” və “CineMastercard” və s. kinoteatrlarının repertuarına nəzər saldıqda filmlərin böyük əksəriyyətinin rus dilində təqdim olunduğu görünür. Hətta bəzi hallarda nümayiş olunan 10 filmdən 9-u yalnız rus dilində olur. Bu isə rus dilini bilməyən və ya filmləri Azərbaycan dilində izləmək istəyən tamaşaçıların kinoteatr xidmətlərindən tam və rahat şəkildə yararlanmalarına mane olur.

AzNews.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Hikmət Məmmədov bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən kinoteatrlarda filmlərin rus dilində nümayiş etdirilməsi Azərbaycan dilinə hörmətsizlikdir:

“Bu, Azərbaycan mədəniyyətinə də hörmətsizlikdir və bununla yanaşı, hüquq pozuntusu hesab oluna bilər. Azərbaycan dövlətinin rəsmi dili Azərbaycan dilidir. Azərbaycan Prezidenti Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı bir daha dil məsələsinə toxundu, dili milli mövcudluğun əsas əlaməti kimi xarakterizə etdi. O, nəinki başqa dildə danışmaq, hətta dilimizə başqa dillərdən sözlərin daxil olması məsələsi ilə bağlı da öz həssaslığını ifadə etdi. Ona görə də, şübhəsiz ki, belə hallar yolverilməzdir. Mən düşünürəm ki, dilimizin qorunması ilə bağlı müxtəlif qanunlar mövcuddur və həmin qanunlara əməl edilmədikdə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri tətbiq olunmalıdır. Bu sahəyə nəzarət daimi və ardıcıl xarakter daşımalıdır ki, dilimizə qarşı belə hörmətsizlik halları baş verməsin. Hazırda bildiyiniz kimi, Audiovizual Şura ilə Media Agentliyinin birləşdirilməsi nəzərdə tutulur və yeni quruma əlavə səlahiyyətlər veriləcək, yeni fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. Mən təklif edirəm ki, kinoteatrlarda dil standartlarının və qaydalarının qorunmasına nəzarət etmək hüququ da məhz həmin yeni yaradılacaq quruma verilsin. Başqa dillərdə nümayiş etdirilən filmlər aşkar edilərsə, həmin filmləri nümayiş etdirən kinoteatrlar və ya digər kino mərkəzləri məsuliyyətə cəlb olunsun, onlara qarşı maddi sanksiyalar tətbiq edilsin ki, bu cür halların qarşısı alınsın”.

Mövzu ilə bağlı “CineMastercard”dan Redaktor.az-a bildirildi ki, hazırda “CineMastercard” kinoteatrlarında nümayiş olunan 18 filmdən 6-sı Azərbaycan dilində təqdim olunur:

“Bununla yanaşı, repertuarımızda türk, ingilis və rus dillərində filmlər də yer alır ki, bu da müxtəlif tamaşaçı auditoriyalarının seçim imkanlarını genişləndirir. Filmlərin nümayiş dili əsasən distribyutorlar və hüquq sahibləri tərəfindən təqdim olunan mövcud versiyalardan asılı olaraq müəyyən edilir. Kinoteatr olaraq tamaşaçılara mümkün qədər geniş seçim təqdim etməyə çalışırıq və Azərbaycan dilində filmlərin repertuarda yer almasına xüsusi önəm veririk. Yaxın zamanda nümayiş etdirdiyimiz "Paddington 3" və "Stiçhed. Şirin Xoxan" filmlərinin Azərbaycan dilində dublyaj olunmuş versiyaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan dilində kino məzmununun inkişafı, yerli dublyaj layihələrinin dəstəklənməsi və tamaşaçılara daha geniş seçim imkanlarının təqdim edilməsi bizim üçün prioritet istiqamətlərdən biridir”.