Hücum edənlərdən üçü öldürülüb Hücum edənlərdən üçü öldürülüb

Əfqanıstandakı partlayışın məsuliyyətini “Taliban” üzərinə götürdü

Hücum edənlərdən üçü öldürülüb

Əfqanıstanın Pərvan əyalətində NATO-nun aviabazası rayonunda törədilmiş partlayışın məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Tolo News telekanalı xəbər verir ki, “Baqram” aviabazasının qarşısında minalanmış avtomobilin partladılması və ardınca başlayan atışma nəticəsində yaralananların sayı 73 nəfərə çatıb, iki nəfər həlak olub. Yaralananların arasında beş gürcüstanlı hərbçinin də olduğu bildirilir. Telekanalın yaydığı məlumata görə, hücum edənlərdən üçü öldürülüb.

NATO-nun Əfqanıstanda fəaliyyət göstərən “Qətiyyətli dəstək” missiyası bəyan edib ki, hücumun hədəfi aviabaza yaxınlığında tikilən tibb müəssisəsi olub.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD terror qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.(AZƏRTAC)

AzNews.az