Türkiyə Livana yardım göndərdi

Partlayış nəticəsində 135 nəfər ölüb, 5 minə yaxın insan yaralanıb

Türkiyə Beyrut şəhərində baş verən partlayışa görə Livana yardım göndərib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə göndərilən Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin Beyruta endiyi bildirilib.

“Tibbi ləvazimatlar, avadanlıqlar və axtarış-xilasetmə komandası ilə Ankaradan qalxan Türk Silahlı Qüvvələrinə (TSQ) məxsus təyyarə partlayışın baş verdiyi Livanın paytaxtı Beyruta çatıb”, - açıqlamada deyilir.

Xatırladaq ki, Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında partlayış baş verib. Son məlumata görə, partlayış nəticəsində 135 nəfər ölüb, 5 minə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb.

Pərvanə