Çinli ekspert: ABŞ və NATO ölkələri Kosovoya qarışmamalıdır

ABŞ və digər NATO ölkələri Kosovo məsələsinə qarışmamalıdır, çünki problemi güc yolu ilə həll etmək olmaz.

Aznews.az xəbər verir ki, bu barədə Şanxay Sosial Elmlər Akademiyasının Rusiya və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin icraçı direktoru Sun Qi bildirib.

"Beynəlxalq hüquq və beynəlxalq normalar baxımından mən həmişə Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmişəm və istənilən formada kənar müdaxilənin əleyhinəyəm. Hesab edirəm ki, Kosovo məsələsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll edilməlidir. Maraqlı tərəflər dialoq və məsləhətləşmələr vasitəsilə qarşılıqlı məqbul həll yollarını axtarmalıdırlar.ABŞ və digər NATO ölkələrinin siyasi müdaxiləsi qəbuledilməzdir”, - ekspert bildirib.

Sun hesab edir ki, hazırkı vəziyyətə əsasən, Kosovo ətrafında “kiçik böhran” yaranır, baxmayaraq ki, onun “böyük böhrana” çevrilmə ehtimalı o qədər də yüksək deyil.

“İndiki şəraitdə Kosovo və Serbiya problemi güc yolu ilə həll edilə bilməz". Ekspert xatırladıb ki, Serbiya prezidenti Aleksandr Vuçiç Kosovodakı serblərin hüquq və mənafelərini qorumaq üçün qanuni vasitələrdən istifadə edilməli olduğunu bəyan edib.

"Serbiya və Kosovo arasındakı münaqişədə hər hansı üçüncü tərəf iki tərəf arasında münaqişənin sülh yolu ilə həllini asanlaşdırmaq üçün hər iki tərəfə qarşı ədalətli və qərəzsiz olmalıdır. Buna görə də Aİ NATO-nun təkcə Kosovonu qorumaqla kifayətlənməməsi üçün addımlar atmalıdır. Bütün tərəflər Kosovo məsələsinin böhrana çevrilməsinin qarşısını almaq üçün qarşılıqlı məqbul həll axtarışında irəliləməlidirlər ", - Sun Qi vurğulayıb.

Onun fikrincə, Kosovo məsələsi bir qədər Ukrayna məsələsinə bənzəyir. Hər iki problem eyni situasiyalarda - biri Sovet İttifaqının dağılmasından sonra, digəri isə Yuqoslaviyanın dağılmasından sonra yaranıb. O xatırladıb ki, Kosovo birtərəfli qaydada müstəqilliyini elan edib və NATO ölkələri tərəfindən dəstəklənib.

“Əgər NATO ölkələri öz maraqları naminə Serbiyanın daxili işlərinə qarışmaq üçün hərbi vasitələrdən istifadə etsələr və ya Serbiyada hökuməti devirmək istəsələr, çox güman ki, yeni bir müharibə başlaya bilər”, - deyə oyekunlaşdırıb.

Mövsüm