- Siyasi müzakirə
- 22:19
- 1 014
"Daxili narazılıqlara baxmayaraq Paşinyanın şansı yüksəkdir" – Pərvanə Vəliyeva
"Ermənistan daxilində seçki ilə bağlı müxtəlif fikirlər olsa da, Nikol Paşinyan hazırda güclü namizəd hesab olunur. “Müharibə məğlubiyyəti” narrativinin cəmiyyətdə davam etməsi bir reallıqdır. Məsələn, bu il Davos İqtisadi Forumu zamanı yayımlanan “Qlobal Risk Hesabatı” Ermənistan üçün riskləri belə dəyərləndirib: “Yetərsiz ictimai xidmətlər və sosial müdafiə mexanizmləri (o cümlədən təhsil, infrastruktur, pensiya təminatı), vətəndaş müharibələri, çevrilişlər, yanlış məlumat və dezinformasiya”. Ermənistanın riskləri “müharibə məğlubiyyəti” narrativi, iqtidar–müxalifət arasında kəskin legitimlik mübahisəsi, küçə etirazlarının zaman-zaman radikallaşması, sosial narazılığın artması ilə izah olunurdu. Daxildə kilsə ilə yaşanan hadisələr erməni diasporu və bəzi Qərb siyasətçiləri tərəfindən kəskin tənqid olunur. Ümumilikdə, hazırkı hakimiyyətin apardığı daxili və xarici siyasət, mövcud sülh prosesi daxildəki revanşistlər, erməni diasporu və lobbisi tərəfindən qəbul edilmir, etirazla qarşılanır".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Qeyd edək ki, Nikol Paşinyan rəhbərlik etdiyi hakimiyyət Ermənistanda növbəti parlament seçkiləri ərəfəsində ciddi siyasi sınaqla üz-üzədir. Son dövrlərdə həm daxili sosial-iqtisadi narazılıqlar, həm də təhlükəsizlik məsələləri fonunda hökumətin reytinqində dalğalanmalar müşahidə olunur. Xüsusilə regionda baş verən proseslər və Azərbaycanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar cəmiyyət daxilində birmənalı qarşılanmır. Mövcud şəraitdə iqtidarın seçici dəstəyini qoruyub saxlayıb-saxlaya bilməyəcəyi, eləcə də müxalif qüvvələrin bu vəziyyətdən necə istifadə edəcəyi əsas müzakirə mövzularındandır.
Deputat qeyd edib ki, hazırkı reallıqlar fonunda hələ də keçmişdə qalmış, mənasız “Sülh kəsişməsi” layihəsi ilə çıxış edən erməni siyasətçilər var.
"Seçki ərəfəsində Avropa İttifaqı da hər vəchlə N. Paşinyana dəstək olmağa çalışır. May ayında keçiriləcək “Avropa Siyasi Birliyinin” iclası dəstəyin bir nümunəsidir. Bir müddət öncə Aİ Sülh Fondu Ermənistana 10 milyon avro dəyərində hərbi yardım ayırdı. Aİ ilə “strateji tərəfdaşlıq” müzakirə olunub. Aİ üçün sanksiyalı ərazi Rusiya ilə yenidən ixrac aparılsa belə, Aİ buna göz yumur. ABŞ ilə TRIPP yolunun tikintisi üzrə əməkdaşlıq davam edir və ABŞ digər sahələrdə də dəstək verir. Başqa bir misal, beynəlxalq kredit şirkətləri, məsələn S&P Ermənistanın kredit reytinqini yeniləyib, stabildən pozitivə qaldırıb. Səbəb isə Azərbaycanla olan sülh və normallaşma prosesi olaraq göstərilib. Belə müsbət reytinqlər iqtisadi cəhətdən Ermənistana əlavə dividendlər qazandırır, investorları cəlb edir. Bu, yerli mediada Ermənistan hökumətinin uğuru kimi qiymətləndirilir. Qeyd edim ki, Paşinyan hakimiyyəti 2-ci Qarabağ müharibəsindəki məğlubiyyətdən dərhal sonra, 2021-ci ilin seçkilərində qələbə qazana bilmişdisə, hazırki seçkidə də ehtimallar yüksəkdir. Bundan əlavə, onun rəqibləri arasında olan şəxslər korrupsiyada adı hallanmış, reputasiyası xalq arasında zəif olan şəxslərdir. Hökumətin reytinqində dalğalanmalar olsa da, bütün bunlar seçkilərin nəticələrini proqnozlaşdırmağa imkan verir".
Rəfiqə Namazəliyeva,
AzNews.az