İranın uran şərti İranın uran şərti

Ölkələrarası “buzların əriməsi” Azərbaycana faydalıdır

İranın uran şərti

İran prezidenti Həsən Ruhani ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenə çağırış edib. O, Tehrana qarşı sanksiyaların ləğv edilməsini və ABŞ-ın nüvə razılaşmasına qayıtmasını istəyib. Sitat: “İndi hər şey ABŞ məhkəməsindən asılıdır. Əgər Vaşinqton nüvə razılaşmasına qayıtsa, biz öhdəliklərimizi icra edəcəyik”.

Məlumat üçün bildirək ki, Amerikanın sabiq prezidenti Donald Trampın nüvə razılaşmasından çıxması Azərbaycanın yaxın qonşusunda gərginliyi artırmış, İran yenidən uranın zənginləşdirilməsi işlərinə start vermişdi. Yanvarın 20-də and içərək, vəzifəsinin rəsmi icrasına başlayan Bayden isə vəd edib ki, nüvə razılaşmasına qayıdacaq.

İndi əsas yaranan suallardan biri Baydenin vədinə əməl edib-etməyəcəyi yönündədir. Eyni zamanda Azərbaycanla bağlı bəzi məsələlər də yenidən gündəmə gəlib. Heç şübhəsiz ki, cənub qonşumuz ətrafında cərəyan edən istənilən proses rəsmi Bakını da yaxından maraqlandırır, bunun bizə müəyyən təsirləri də olur. Regionda yeni iqtisadi projelərin planlaşdırıldığı bir zamanda İran ətrafında gərginliyin azalması ilk növbədə rəsmi Bakının da maraqları çərçivəsindədir. Bu baxımdan ekspertlər Amerika və İran arasındakı buzların əriməsinin Azərbaycanın da maraqlarına tam cavab verdiyini düşünürlər.

Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir  Əsgərov...

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev hesab edir ki, Bayden yaxın günlərdə qərarını açıqlayacaq: “İranla razılaşma Barak Obamanın zamanında ”Altılıq ölkələri" arasında baş vermişdi. Birləşmiş Ştatlar üzərinə götürdüyü İranla bağlı öhdəliklərə əməl edərək, bunu yerinə yetirməkdə idi. Donald Trampın gəlişi ilə bu müqaviləyə son qoyuldu. Obama zamanında Bayden vitse-prezident olub. O baxımdan bu razılaşmaların əldə edilməsində Baydenin də rolu olub. Özü də bu rol kifayət qədər böyük olub. Bu baxımdan, İranla bağlı həmin sanksiyaların aradan qaldırılması, eyni zamanda, Amerikanın nüvə razılaşmasına qayıtması, məncə, şübhə doğurmamalıdır. Çünki bu qərarlar demokratların zamanında qəbul olunub, indi də onlar hakimiyyətdədir, Bayden də prezidentdir. Bu baxımdan ABŞ-ın razılaşmaya qayıtmasını gözləyirəm. Amma mənə elə gəlir ki, bu məsələlərlə bağlı müəyyən məhkəmə prosesləri də olmalıdır. Bəzi instansiyalar bununla bağlı müəyyən sənədləşmə işləri aparmalıdır ki, sonradan bununla bağlı qərar verilə bilinsin. Bu da zaman aparan bir proses olacaq. Ümid edirəm ki, yaxın 1-2 ay ərzində Birləşmiş Ştatlar bu razılaşmaya qayıdacaq. Düşünürəm ki, yaxın günlərdə Bayden özü bu razılaşmaya qayıdacaqlarını bəyan edəcək. Ondan sonra 1-2 aylıq gözlənilən zaman sadəcə formal xarakter daşıyacaq. Bildiyim qədəri ilə Amerikanın özü də dünyada gərginlik istəmir. Ağ Evin yeni sahibi özündən əvvəlki prezidentin dünyada yaratdığı bəzi məsələləri həll etmək niyyətindədir, nəinki yeni narazılıqlar və gərginliklər yaratmaq. Amerika mətbuatında belə başlıqlar gedir ki, yeni prezident ölkəsini dünya xəritəsinə qaytaracaq. ABŞ Obama zamanındakı qanunlara geri dönəcək. Bayden prezidentlik missiyasına başlayandan sonra özündən əvvəlki sələfinin qərarlarını artıq ləğv etməyə başlayıb. Ən azından Paris razılaşmasına qayıtdı. Eyni zamanda müsəlmanların Amerikaya girişləri ilə bağlı qadağalar var ki, onları aradan qaldırmaq niyyətindədir. Mənə elə gəlir ki, yüzə qədər qanunlar var ki, yeni prezident onları mərhələ-mərhələ öz əvvəlki vəziyyətinə qaytarmaq niyyətindədir".

Deputat Azərbaycanla bağlı da məsələyə toxundu: “Amerikanın İranla bağlı nüvə razılaşmasına geri qayıtması Azərbaycanın da təbii ki, maraqlarına cavab verir. Biz istəməzdik ki, cənub qonşumuz olan İranda gərginlik yaşansın, Amerika-İran arasındakı gərginlik artan xətt üzrə inkişaf etsin. Bu həm də İsraillə İran arasında gərginliyə gətirib çıxara bilər. Belə durumlarda Azərbaycan hökuməti də çətin vəziyyətlərə düşür. Ölkəmizlə bağlı da məsələlər gündəmə gəlir. Azərbaycanın kimin yanında olması, kimə dəstək verməsi və s. kimi məsələlər mətbuatın gündəminə düşür. Bu da Azərbaycan-İran münasibətlərinin hərdən gərginləşməsinə gətirib çıxarır. Amma rəsmi Bakı əslində bu günə qədər İrana qarşı heç bir layihədə yer almayıb. Amma cənub qonşumuzda bəzən buna şübhə ilə yanaşanlar olub. Lakin Azərbaycan hər zaman özünü sübut edib. Məsələn, deyək ki, İranın ilk günlərdə Qarabağla bağlı tutduğu mövqeyə birmənalı münasibətimiz olmadı. Narazı qaldığımız məqamlar da oldu. Təbii ki, artıq bunlar geridə qalıb. İranın iqtisadi cəhətdən inkişaf etməsi də əslində ölkəmizin xeyrinədir. Biz istərdik ki, qonşu ölkələr stabillik, sakitlik içərisində yaşasın. Bu stabillik regionda da sakitliyə gətirib çıxarır. Azərbaycan da bu regionda yer aldığına görə bunlar maraqlarımıza cavab verir. O baxımdan təbii ki, İran-Amerika münasibətlərinin yaxşılaşması həm də ölkəmiz üçün faydalıdır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”