Bu, Azərbaycan dövlətinin və onun liderinin yürütdüyü siyasətdə necə ardıcıl və prinsipial mövqeyə malik olmasının növbəti göstəricisidir Bu, Azərbaycan dövlətinin və onun liderinin yürütdüyü siyasətdə necə ardıcıl və prinsipial mövqeyə malik olmasının növbəti göstəricisidir

Azərbaycan ortaya ardıcıl və prinsipial mövqe qoymağa davam edir

Bu, Azərbaycan dövlətinin və onun liderinin yürütdüyü siyasətdə necə ardıcıl və prinsipial mövqeyə malik olmasının növbəti göstəricisidir

2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyə başlamasından sonra dünyanın ikinci ən böyük təşkilatında ciddi canlanma baş verdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına verdiyi töhfə üzv dövlətin liderləri tərəfindən yüksək qiymətləndirilməkdədir.

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin iyulun 13-də onlayn formatda keçirilmiş aralıq konfransında çıxışında təşkilatın nüfuzunun yüksəlməsi, eləcə də Azərbaycanın üzv dövlətlərlə münasibətlərə necə önəm verməsini bir da ortaya qoydu.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı qlobal fəaliyyət planı hazırlaması, lakin COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir.

Pandemiya ilə bağlı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına yarısı Qoşulmama Hərəkatının üzvü olan dövlətlər üçün nəzərdə tutulan 10 milyon ABŞ dollar həcmində könüllü maliyyə töhfə verməsi, ölkə başçısının beynəlxalq kürsülərdə “peyvənd milliyyətçiliyi” mövzusunu qabartması və dünyada vaksinləşmənin qeyri-proporsional şəkildə paylanmasını aktuallaşdırması vacib məqamlardandır. “Peyvənd milliyyətçiliyi” nəticəsində hazırda bəşəri bəlaya çevrilən qlobal pandemiyanın bəşəriyyətə qarşı təhdid təşkil etməsinə baxmayaraq vaksinlərin inkişaf etmiş dövlətlərin əhalisinə paylanması, üçüncü dünya ölkələrinin isə bu bəlaya qarşı təklənməsi bir çoxları tərəfindən etiraf olunmaqdadır. Dövlət başçısı dünənki çıxışında da “peyvənd milliyyətçiliyi”nin yolverilməzliyini bir daha vurğuladı.

Qeyd edək ki, bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizindən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0.9 faiz təşkil edir.

Yeri gəlmişkən, 2020-ci ildə pandemiyanın dünyanı əsarətə götürdüyü bir vaxtda ilk dəfə olaraq Prezident İlham Əliyev tərəfindən COVİD-19-la bağlı BMT çərçivəsində Xüsusi iclasın keçirilməsi təklif edilmişdi.

4 may 2020 tarixində Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında video-konfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT baş katibi Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borrellin video-müraciət ünvanlaması (hansı ki, Hərəkatın tarixində ilk belə hadisə idi ki, Aİ-nin nümayəndəsi sessiyada iştirak edirdi), habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlərin bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləri idi. Həmin vaxt, təsadüfi deyil ki, BMT Baş katibi video-müraciəti zamanı koronavirus pandemiyasına qarşı yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirib. Eyni zamanda, o, Azərbaycan Prezidentinə belə bir görüşü çağırmasına görə təşəkkür edərək, BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusi vurğulamışdı.

2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etməsi, bu təşəbbüsün 150-dən artıq ölkənin dəstəyini qazanması və 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının keçirilməsinin Azərbaycanın pandemiyaya qarşı mübarizədə oynadığı aparıcı rolun və Prezident İlham Əliyevin qlobal liderliyinin bariz nümunəsi idi. Təsadüfi deyil ki, rəsmi Bakının bu uğurlu gedişinə qarşı həmin vaxt Ermənistanın qismində yalnız bir dövlət çıxmışdı.

Məsələ burasındadır ki, beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə soyuq müharibə başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Digər tərəfdən, 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 10 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu.

Hərəkata üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdı. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi QH-nin sənədlərində birmənalı dəstəklənib. Azərbaycanın Hərəkata üzv olmasından heç bir il keçməmiş, artıq 2012-ci ildə Qoşulmama Hərəkatının Yekun Sənədinə keçmiş münaqişə ilə bağlı bənd daxil edilmişdi. Qoşulmama Hərəkatına üzv dövlətlər Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək vermişdi.

QH Dövlət və Hökumət Başçılarının 2012-ci ildə Tehranda keçirilmiş 16-cı Zirvə Görüşündə qəbul olunmuş Yekun Sənəddə dövlətlər münaqişənin məhz Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllinə dəstəyi ifadə etmişdi.

QH Dövlət və Hökumət Başçılarının 2016-cı ildə Marqaritada (Venesuela) keçirilmiş 17-ci Zirvə Görüşündə qəbul olunmuş Yekun Sənəddə üzv ölkələr BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüflərini ifadə etmiş və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək vediklərini bildirmişdi.

QH Xarici işlər nazirlərinin 2018-ci ilin aprel ayında Bakıda keçirilmiş aralıq konfransının yekun sənədində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüf və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək ifadə edilmişdi.

25-26 oktyabr 2019-cu il tarixlərində keçirilmiş Bakı Sammiti zamanı dövlət və hökumət başçıları bir daha münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulamışdı. Bununla əlaqədar, dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyi bildirmiş və təsdiq etmişlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq və bu ərazilərdə iqtisadi fəaliyyət də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək.

QH Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində dövlət sərhədində törətdiyi hərbi təxribatına dair 18 iyul 2020-ci ildə Kommünike qəbul etmiş və Ermənistanın silahlı hücumunu kəskin şəkildə pisləmişdi.

Vətən Müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə QH-na üzvü olan ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirmişdi. Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur olmuşlar. Həmin vaxt məhz Hərəkata üzv dövlətlərin fəaliyyəti nəticəsində Vətən müharibəsi dövründə Azərbaycan BMT TŞ-nın xüsusi iclasında mühüm çağırışları dəf etməyi bacarmışdı.

9 oktyabr 2020-ci ildə keçirilmiş Qoşulmama Hərəkatının onlayn Nazirlər görüşündə "Ermənistan Respublikasının son dövrlərdə Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqelərinə və mülki yaşayış məntəqələrinə, bütün cəbhə boyu silahlı hücumu” ilə bağlı QH-nın Xüsusi Bəyannaməsi qəbul edilmişdi. Münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə dəstəyini təsdiq edən QH üzv dövlətləri Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəklərini ifadə etmiş, Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildirmişlər.

Hər halda yuxarıda sadalananlar bir daha sübut etmiş oldu ki, Prezident İlham Əliyev Azərbaycanın dövlət maraqlarının uğurla təmin edilməsi istiqamətində uzunmüddətli fəaliyyət planına, strateji konsepsiyaya malikdir. Dünyada hökm sürən böhran və münaqişələrin, soyuq müharibə dövrü üçün xarakterik geosiyasi çəkişmələrin gərginləşməsi, terrorizmin yeni forma və təzahürlərinin meydana çıxması, habelə asimmetrik hədə və təhdidlər, son zamanlar isə koronavirus pandemiyası bəlası fonunda dövlətimizin başçısı tərəfindən xarici siyasət sahəsində müəyyən olunan strateji hədəflər dövrün tələblərini özündə ehtiva edir və uzunmüddətli perspektivdə ölkəmizin davamlı inkişaf və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Bu kontekstə iyulun 13-də baş tutan iclas zamanı da Prezident İlham Əliyev bölgədə post-münaqişə dövründəki vəziyyət, Ermənistanın təcavüzkar siyasəti və Azərbaycanın davam etməkdə olan yeni proseslərlə bağlı baxış bucağına görüş iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısı çıxışının sonunda bir daha qeyd etdi ki, “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək”.

Bu, Azərbaycan dövlətinin və onun liderinin yürütdüyü siyasətdə necə ardıcıl və prinsipial mövqeyə malik olmasının növbəti göstəricisidir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov